×
A
A
A
Sazlamalar

Qoşqar Təhməzli: Ölkəmizin xırdabuynuzlu heyvanların taunu xəstəliyindən azad olunmasının təsdiqlənməsi əzmindəyik

Bakı, 25 aprel, AZƏRTAC

Ölkəmizdə həyata keçirilən islahatlar, irimiqyaslı tədbirlər və innovativ yeniliklərin tətbiqi qida təhlükəsizliyi sahəsində, həmçinin heyvan xəstəlikləri ilə mübarizə sahəsində də öz bəhrəsini verməkdədir. Məqsədimiz vahid sağlamlıq konsepsiyası çərçivəsində insanların və heyvanların sağlamlığı üçün təhlükə yaradan, təbiətə və ətraf mühitə ziyan vuran, habelə ciddi iqtisadi itkilərə səbəb olan xəstəliklərə qarşı ən effektiv izləmə və mübarizə üsullarını icra etməkdir. Bununla biz qloballaşan dünyada bioloji təhlükəsizliyin təmin edilməsi və zərərsiz qida məhsulları ilə təminatın yaxşılaşdırılması işlərinə töhfə vermək niyyətindəyik. Son beş ildə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının və digər beynəlxalq təşkilatların çağırışlarına qoşulmaqla xırdabuynuzlu heyvanlar arasında taun xəstəliyinə nəzarət və xəstəliyin aradan qaldırılması üzrə qlobal strategiyaya uyğun olaraq ölkəmizin həmin xəstəlikdən azad olunmasının təsdiqlənməsi əzmindəyik və bu istiqamətdə fəaliyyətimiz məqsədyönlü şəkildə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli “İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO)/Qərbi Avrasiya ölkələri üçün xırdabuynuzlu heyvanların taunu xəstəliyinə dair planın məsləhətləşməsi və dabaq xəstəliyi üzrə yol xəritəsi” mövzusuna həsr edilmiş beynəlxalq tədbirdə deyib.
Agentliyin sədri qeyd edib ki, heyvan mənşəli məhsulların beynəlxalq dövriyyəsində ən çox maneə yaradan xəstəliklərdən biri dabaq xəstəliyidir. Diqqətə çatdırılıb ki, həmin xəstəliyin ölkəmiz də daxil olmaqla bölgədə qeyri-stabil epizootik status daşıdığı nəzərə alınaraq regional əməkdaşlıq mexanizmlərini tətbiq etməklə ləğv edilməsi və davamlı nəzarətin təmin edilməsi hədəflərdən biri kimi müəyyənləşdirilib.
Q.Təhməzlinin sözlərinə görə, işğaldan azad olunmuş ərazilərlə bağlı qəbul edilən Birinci Böyük Qayıdış Dövlət Proqramında heyvan xəstəliklərindən azad zonaların yaradılması da nəzərdə tutulub: "Həmin məqsədlə Baş Dövlət Baytarlıq Müfəttişi və beynəlxalq ekspertlərin həmin ərazilərə səfəri təşkil edilərək ilkin prioritetlər təyin olunub. Bunun üçün dabaq xəstəliyi ilə mərhələli mübarizə planı üzrə fəaliyyətlərimizi davam etdirir və bu istiqamətdə göstərilən köməyə görə aidiyyəti həmkarlara dərin təşəkkürümüzü bildiririk.
Regionumuzda ciddi narahatlıq doğuran xəstəliklərdən biri də quduzluq xəstəliyidir. Bu il region ölkələri arasında ilk dəfə olaraq aviasiyadan istifadə edərək Gürcüstan istiqamətində meşə massivində vəhşi heyvanların aldadıcı yem vasitəsilə peyvəndlənməsini həyata keçirdik. Həmin tədbir davamlı şəkildə aparılacaq. Problemin həllinə regional yanaşma tətbiq etməklə birgə tədqiqatların aparılmasını və mübarizə tədbirlərinin uyğunlaşdırılmasını tətbiq edərək bu sahədə diqqəti artırmağın vacibliyinə çağırış edirik".

Sosial 2023-04-25 10:15:00