×
A
A
A
Sazlamalar

DSMF-nin sərbəst vəsaitinin investisiyaya yönəldilməsi həssas qrupdan olanların rifah halının yaxşılaşdırılmasına sərf ediləcək

Bakı, 24 aprel, AZƏRTAC

Prezident İlham Əliyev tərəfindən “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun və “Dövlət sosial müdafiə fondunun sərbəst vəsaitinin investisiyaya yönəldilməsi və investisiya gəlirlərindən istifadə edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Fərman imzalanıb. Həmin dəyişikliklər sayəsində Əmək və Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Sosial Müdafiə Fonduna (DSMF) sərbəst vəsaitlərin investisiyaya yönəldilməsi üçün şərait yaradılıb. Bundan sonra DSMF sərbəst vəsaitlərini investisiyaya yönəltmək imkanına malik olacaq.
DSMF-dən AZƏRTAC-a verilən məlumata görə, investisiya gəlirlərindən əldə olunan vəsait sosial müdafiə, habelə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsi, işğaldan azad edilmiş ərazilərdə sosial infrastrukturun yaradılması işlərinə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilən digər istiqamətlərə yönəldiləcək.
Qanuna sərbəst vəsait və investisiya gəliri anlayışları da əlavə olunub. Sərbəst vəsait dedikdə, Dövlət Sosial Müdafiə Fondu büdcəsinin icrasının yarımillik və illik nəticələrinə görə gəlir və xərclər arasında müəyyən edilən müsbət qalıq, investisiya gəliri dedikdə isə investisiya fəaliyyətinin həyata keçirilməsi nəticəsində əldə olunan vəsait ilə həmin vəsaitin əldə edilməsinə çəkilən xərc arasındakı fərq nəzərdə tutulur.
İnvestisiyaya yönəldilən sərbəst vəsait, investisiya gəlirləri və onun istifadə olunmamış qalığı Mərkəzi Bankda açılmış hesaba toplanacaq və uçotu ayrıca aparılacaq. Qaydada sərbəst vəsaitin banklarda depozitə qoyulma şərtləri də qeyd olunur. Bu şərtlərə görə, bir banka qoyulan depozitin məbləği həmin bankın xalis aktivinin 10 faizindən, banklarda depozitə yerləşdirilən investisiyanın ümumi məbləği investisiya portfelinin 5 faizi həcmindən çox, banklara depozitə yerləşdirilən investisiyalar üzrə faiz dərəcələri fond birjasında bağlanan sonuncu əqd üzrə həmin müddətə yerləşdirilən dövlət istiqrazlarının gəlirlilik dərəcəsindən aşağı olmamalıdır.
Sərbəst vəsait isə aktivlərinin həcminə görə ilk beşlikdə yer alan banklarda və Fondun sərbəst vəsaiti hesabına əvvəllər yerləşdirilmiş bank depozitləri üzrə son beş ildə gecikmiş öhdəliyi olmayan banklarda depozitə qoyulur.
Hazırda inkişaf etmiş ölkələrdə fondların sərbəst vəsaitlərinin investisiyaya yönəldilməsi təcrübəsi mövcuddur. Həmin dövlətlər pensiya və sosial sığorta ilə bağlı xərclərin ödənilməsi üçün vəsaitlərin böyük həcmini investisiya fəaliyyətindən əldə olunan gəlirlər hesabına təmin edirlər.
Qaydalara əsasən, beş maksimum təhlükəsiz investisiya aləti müəyyən olunub. Bunlar dövlət qiymətli kağızları, dövlət zəmanəti ilə təmin olunmuş istiqrazlar, Mərkəzi Bankın istiqrazları, vəsaitlərin sistem əhəmiyyətli banklarda depozitə qoyulması və dövlət qiymətli kağızlarından istifadə etməklə repo və əks-repo əməliyyatlarının həyata keçirilməsidir. Burada investisiya alətlərinə investisiya edilməsinin məhdudiyyətləri, investisiya fəaliyyətinin həyata keçirilməsi, əldə olunan gəlirlərin maksimum həssas qrupdan olanların rifah halının yaxşılaşdırılmasına sərf edilməsi nəzərdə tutulur.
Ölkəmizdə son 5 ildə həyata keçirilən 4 sosial islahat paketi çərçivəsində minimum əməkhaqqı 2,7 dəfə (130 manatdan 345 manata çatdırılıb), minimum pensiya 2,5 dəfə (110 manatdan 280 manata çatdırılıb), ünvanlı yardımlar 2,8 dəfə, orta aylıq əməkhaqqı artımı 57 faiz, əməkhaqqı fondu 2,5 dəfə artıb. Orta aylıq pensiyada isə 2 dəfə, müavinət və təqaüdlər üzrə illik vəsaitdə 5 dəfə artım olub. Əmək müqavilələri sayı isə 34 faiz artıb.

 

 

Sosial 2023-04-24 11:06:00