×
A
A
A
Sazlamalar

İmişli rayonunda yaşayan şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib

Bakı, 20 aprel, AZƏRTAC

“Qayğıya ehtiyacı və əlilliyi olan şəxslərə dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə İmişli rayonunda yaşayan şəhid ailələri üçün iftar süfrəsi təşkil edilib.
Təşkilatdan AZƏRTAC-a bildiriblər ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə canından keçən şəhidlərin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Təşkilat sədri Yasəmən Qəyyumlu çıxış edərək Ramazan ayının əsas özəlliklərindən danışıb, bu ayda hər kəsin xeyirxah əməllərdə bir-biri ilə sözün əsl mənasında yarışdığını qeyd edib: "Daha bir Ramazan ayını geridə qoyuruq. Lütf və mərhəmət qapılarının açıq olduğu Ramazanı müsəlmanlar xeyirxah əməllər, xoş təşəbbüslərlə başa vurdular. Bir təşkilat olaraq biz də on bir ayın sultanının fəzilətlərindən yararlanmağa çalışdıq. Bu müqəddəs ayın özəlliklərindən biri də bir süfrə arxasında toplaşmaq və haqqın dərgahına birgə əl qaldırıb dua etməkdir. Hər birimiz üçün ən ümdə vəzifələrdən biri də şəhid ailələri və qazilərimizi daim yad etmək, qəhrəmanlarımızın əmanətləri ilə həmsöhbət olmaq, onlarla birgə xüsusi günlərimizi qeyd etməkdir. Belə bir ayda həmin qəbildən olan vətəndaşlarla iftar məclisində bir araya gəlmək bizim üçün də xoşdur. Düşünürəm ki, bununla da şəhadətə ucalan oğullarımızın da ruhu şad olur".
Y.Qəyyumlu çıxışının sonunda Allahdan şəhidlərimizə rəhmət, yaralılara şəfa, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevə və rəşadətli Azərbaycan Ordusunun hərbi qulluqçularına cansağlığı diləyib.
Daha sonra İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının sədri Səfa Ağayev, "Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi"nin birinci vitse-prezidenti Ruhiyyə Poladova və digər qonaqlar çıxış edərək hər kəsi bayram münasibətilə təbrik edib, xalqımıza, dövlətimizə sülh və əmin-amanlıq arzulayıblar.
Tədbirin sonunda şəhid ailələrinə hədiyyələr və ərzaq sovqatları paylanılıb.

Sosial 2023-04-20 22:44:00