×
A
A
A
Sazlamalar

Xüsusi hallarda heyvan sahiblərinə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizmi müəyyənləşib

Bakı, 20 aprel, AZƏRTAC

““Azərbaycan Respublikasında baytarlıqla bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında” Nazirlər Kabinetinin 2007-ci il 16 aprel tarixli 66 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” Qərar qəbul olunub. Sənədə əsasən, “Bir sıra karantin və xüsusi təhlükəli yoluxucu xəstəliklər baş verdikdə həmin xəstəliklərin ləğv edilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları” yeni redaksiyada verilib.
Qida Təhlükəsizliyi Agentliyindən AZƏRTAC-a bildiriblər ki, Nazirlər Kabinetinin qərarı ilə yeni redaksiyada verilmiş “Karantin rejiminin tətbiqi və ya zərərli orqanizmlərin ləğvi, xüsusi təhlükəli heyvan xəstəliklərinin profilaktikası, diaqnostikası, müalicəsi və ləğvi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi Qaydaları” “Baytarlıq haqqında” Qanunun müvafiq maddələrinə əsasən hazırlanıb.
Qaydalar heyvanların və əhalinin sağlamlığı üçün xüsusi təhlükəli xəstəliklər baş verdikdə karantin rejiminin tətbiqi, həmin xəstəliklərin və zərərli orqanizmlərin ləğvi və yayılmasının qarşısının alınması zamanı zərurət yarandıqda heyvanların, heyvan mənşəli məhsulların və xammalın məhv edilməsi, emalı və ya təkrar emalı məqsədilə götürülməsi və ya götürülmədən məcburi zərərsizləşdirilməsi zamanı hüquqi və fiziki şəxslərə dəymiş maddi ziyanın əvəzinin ödənilməsi mexanizmini müəyyən edir. Qaydalarda qeyd olunan xəstəliklərin, habelə aidiyyəti heyvan növlərinin və məhsulların siyahısı müəyyənləşdirilib.
Yeni redaksiyada tərtib edilmiş qaydaların tətbiqi xüsusi təhlükəli heyvan xəstəliklərinin ləğv olunmasını asanlaşdıracaq. Həmçinin belə hallarda heyvan sahiblərinə dəymiş ziyanın əvəzinin ödənilməsinə imkan yaradacaq. Bu da sahibkarların iqtisadi itkilərinin minimuma endirilməsinə və onların hər hansı xəstəlik halı barədə vaxtında məlumat verməyə maraqlarının artmasına səbəb olacaq.

Sosial 2023-04-20 17:24:00