×
A
A
A
Sazlamalar

Şəhid ailələri, müharibə ilə əlaqədar əlilliyi olanlara və digər imtiyazlı şəxslərə daha 100 mənzil və fərdi ev verilib

Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4660, bu il 160, ümumilikdə ötən dövrdə 13460 mənzil və fərdi ev verilib

Bakı, 20 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən MİDA-nın Hövsan Yaşayış Kompleksində və Abşeron, Tərtər, Goranboy, Ucar və Zərdab rayonlarında daha 100 mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə, həmçinin digər imtiyazlı şəxslərə (gözdən əlilliyi olan şəxslər, Çernobıl AES-də hərbi xidmətlə əlaqədar əlilliyi olan şəxslər və s.) təqdim edilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli tədbir iştirakçılarını qarşıdan gələn Ramazan bayramı münasibətilə təbrik edib.
Nazir müavini şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlərlə təminatı proqramına ötən əsrin 90-cı illərində Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə başlanıldığını vurğulayıb.
Qeyd olunub ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsindən sonra dövlət başçısının göstərişi ilə şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı icra olunan sosial dəstək paketi çərçivəsində ötən dövrdə 124 min şəxsə 281 min xidmət göstərilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil, fərdi evlə təminat proqramı 5 dəfə genişlənib. 2021-ci ilin əvvəlindən İkinci Qarabağ müharibəsi şəhidlərinin ailələri və həmin müharibə ilə əlaqədar əlilliyi olanlar da mənzillə təmin olunur.
Bu gün təqdim olunan mənzil və fərdi evlər də daxil olmaqla 44 günlük Vətən müharibəsindən sonra şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 4660, bu il üzrə 160, ümumilikdə ötən dövrdə isə 13460 mənzil və fərdi ev verilib. Dövlət başçısının tapşırığına uyğun olaraq 2023-cü ildə də ən azı 1500 mənzil və fərdi ev bu kateqoriyadan olan vətəndaşlarımıza veriləcək.
Yeni mənzillərlə təmin edilən vətəndaşlar daim dəstəklə əhatə olunduqları, həmçinin yeni mənzillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sosial 2023-04-20 15:21:00