×
A
A
A
Sazlamalar

Xaçmazda mağazada yararlılıq müddəti bitmiş ərzaq məhsulları aşkarlanıb

Bakı, 19 aprel, AZƏRTAC

Qida Təhlükəsizliyi Agentliyi ölkə ərazisində qanunvericiliyin tələbləri çərçivəsində qida təhlükəsizliyinin təmin olunması və istehlakçı hüquqlarının müdafiəsi sahəsində tədbirləri davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, tədbirlər çərçivəsində Xaçmaz şəhərinin 20 Yanvar küçəsində fiziki şəxs Hacıbalayev Şahbaba Bəybala oğluna məxsus ərzaq satışı mağazasında yoxlama aparılıb.
Yoxlama zamanı mağazada qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb. Mağazada yararlılıq müddəti bitmiş məhsulların satışının həyata keçirildiyi, qida məhsullarının yerdən və divardan aralı məsafədə saxlanılmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı məlum olub.
Faktla bağlı qanunvericiliyə uyğun olaraq, sahibkar barəsində protokol tərtib edilib. Eyni zamanda, saxlanma müddəti bitmiş məhsulların məhv edilməsinə dair qərar qəbul olunub.

Sosial 2023-04-19 18:07:00