×
A
A
A
Sazlamalar

Vətən müharibəsi döyüşçüsü: İşlə təmin olunandan sonra həyatımın yeni bir səhifəsi başlanacaq

Bakı, 19 aprel, AZƏRTAC

İndi elə dövrdə yaşayırıq ki, kompüter texnologiyalarına yiyələnmədən ötüşmək mümkün deyil. Həyatımı hərbi xidmətə bağladığımdan həmin texnologiyalardan uzaq qalmışam. Lakin mümkünsüz heç nə yoxdur. Əsas odur ki, öyrənmək, yiyələnmək üçün həvəsin, istəyin olsun. Artıq iki aydır ki, Ramanıda Əlilliyi olan Şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində kompüter istifadəçisi bacarıqlarına yiyələnirəm. Demək olar ki, word və excel proqramlarını tam mükəmməl şəkildə öyrənmişəm.
Vətən müharibəsi qazisi Xəyyam Fərzəliyev bu sözləri AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Ağcabədi rayonunun Şənlik kəndində doğulan Xəyyam Xüsusi Təyinatlı Qüvvələrin tərkibində Vətən müharibəsində iştirak dib. O, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunub. Cəsur döyüşçü oktyabrın son günlərində Xocavənd rayonunda Qızıl qaya strateji yüksəkliyinin erməni yaraqlılarından təmızlənməsi zamanı pulemyot atəşi nəticəsində sol çiynindən ağır yara alıb. Ona ilkin yardımı döyüş yoldaşları göstərərək qanaxmanın dayandırıblar. Lakin ixtisaslı həkim yardımı olmadan da ötüşmək mümkün olmayıb. Aparılan müalicə kursları nəticəsində sağalıb. Həkimlər ona nevroloji və psixoloji yardımlar da göstərib.
Kompüter istifadəçisi kurslarını başa vurmaqda olan Xəyyam deyib: “Demək olar ki, istədiyim səviyyədə kompüter biliklərinə yiyələnmişəm. Daha bir neçə kurs keçəndən sonra imtahanları da uğurla verəcəyimə inanıram. Sonra Dövlət Məşğulluq Agentliyinə müraciət edərək uyğun işlə təmin olunmağı xahiş edəcəyəm. Hesab edirəm ki, işlə təmin olunandan sonra həyatımın yeni bir səhifəsi başlanacaq və yeni fəaliyyət sahəsində də öz bacarıqlarını göstərə biləcəyimə inanıram”.

 

Sosial 2023-04-19 17:52:00