×
A
A
A
Sazlamalar

Qafqaz Müsəlmanları İdarəsi Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konfrans təşkil edib

Bakı, 18 aprel, AZƏRTAC

Aprelin 18-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfrans keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə gül dəstələri qoyublar. Görkəmli oftomoloq alim Zərifə Əliyevanın də məzarı ziyarət olunub, məzarı önünə tər güllər düzülüb.
AZƏRTAC xəbər verir ki, din və elm xadimlərinin, müxtəlif dini konfessiyaların təmsilçilərinin, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, ictimaiyyətin nümayəndələrinin iştirak etdikləri konfransda müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub.
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müasir müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan naminə göstərdiyi xidmətlər misilsiz olduğunu bildirib. Bu il Ümummilli Liderin anadan olmasının 100 illiyinin qeyd edildiyini diqqətə çatdıran Allahşükür Paşazadə deyib ki, Dinindən və məzhəbindən asılı olmayaraq, bütün Azərbaycan dindarları dövlət rəhbərimizi həmişə dəstəkləyirlər. Biz dindarlar dövlətimizin başçısının rəhbərliyi ilə müqəddəs amallar uğrunda, haqq-ədalətin qalibiyyəti yolunda mübarizəyə hər an hazırıq və bu siyasətin zəfərinə qəlbən inanırıq.
Şeyxülislam bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk günlərdən qonşuları, o cümlədən İran dövləti ilə mehriban qonşuluq, islami həmrəylik prinsiplərinə əsaslanan münasibətlər qurmaq, bütün müstəvilərdə əlaqələri dərinləşdirmək niyyəti nümayiş etdirib. Bu gün də Azərbaycan cəmiyyəti bu prinsipləri əsas tutur və eyni münasibəti qarşı tərəfdən də gözləyir.
Vurğulanıb ki, Ulu Öndərimizin ən böyük arzusu olan ölkəmizin ərazi bütövlüyünün bərpası, qaçqın və məcburi köçkün soydaşlarımızın öz dədə-baba yurdlarına qayıtması artıq reallığa çevrilib.
"Azərbaycanı dünya miqyasında qalib ölkə, zəfər çalmış xalq kimi qürurunu yüksəkliyə qaldıran, Ulu Öndərin vəsiyyətini yerinə yetirmiş Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha böyük zirvələr fəth edəcəkdir", - deyə Allahşükür Paşazadə əminliklə bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət və söylədiyi dəyərli fikirləri onu dünya və Azərbaycan tarixinin əfsanəvi şəxsiyyətinə çevirib. Heydər Əliyev SSRİ kimi superdövlətin rəhbər şəxsindən Azərbaycan xalqının Ümummilli Lideri səviyyəsinə yüksəlib. Onun sözlərinə görə, bu, dünya dövlətçilik tarixində barmaqla sayılacaq hadisələrdən biridir.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov diqqətə çatdırıb ki, Ulu Öndərin respublikaya ilk rəhbərliyi dövründə bütün sahələr kimi, elm və səhiyyə sahəsi də durğunluq dövrünü yaşayırdı. Heydər Əliyev bu sahədə peşəkar kadrların hazırlanmasına və tibb mərkəzlərinin yaradılmasına xüsusi diqqət yetirirdi.
Sonra Ümummilli Lider Heydər Əliyev haqqında film nümayiş etdirilib.
Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Melih Yevdayev müqəddəs Ramazan ayında oruc və duaların qəbul edilməsini diləyib, Azərbaycan xalqına və dövlətinə rifah arzulayıb. Vurğulayıb ki, nə qədər Azərbaycan var, Ulu Öndərin xatirəsi də yaşayacaq. Dağ yəhudilərinin Azərbaycanı öz vətəni hesab etdiyini qeyd edən M.Yevdayev Ulu Tanrıdan sülh və əmin-amanlıq diləyib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumunun katibi-arximandriti Aleksey Nikoronov Cənubi Qafqazda müxtəlif xalqların yaşadığını, sovet hakimiyyətinin bu xalqların yaddaşını silmək siyasəti apardığını deyib. Bildirib ki, xalqın Ümummilli Lideri Heydər Əliyev Azərbaycanı bu dönəmdə məhv olmaq təhlükəsindən xilas etdi. Vurğulayıb ki, Azərbaycan xalqının Ümummilli Liderinin əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq.
Ulu Öndərlə bağlı xatirələrini bölüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı, Milli Məclisin deputatı Anar İsgəndərov, Alban-udi dini icmasının sədri Robert Mobili dünya şöhrətli siyasi xadim, Ulu Öndər Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətlərindən, ölkəmizdəki dini icmalara diqqət və qayğısından, milli mənəvi dəyərlərimizin qorunması istiqamətində gördüyü işlərdən danışıblar.
Konfransdan sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ehsan və iftar süfrəsi verilib.

Din 2023-04-18 21:52:00