×
A
A
A
Sazlamalar

Rotterdamda iftar süfrəsi soydaşlarımızı bir araya gətirib

Rotterdam, 2 aprel, AZƏRTAC

Rotterdam şəhərində yerləşən, Benilüks Azərbaycanlıları Konqresinin (BAK) Qarabağ idman klubunda iftar süfrəsi təşkil edilib.
AZƏRTAC xəbər verir ki, BAK sədri Elsevər Məmmədov ramazan ayı haqqında danışaraq, bu müqəddəs ayın birliyin rəmzi olduğunu bildirib. Qeyd edib ki, bu iftar süfrəsində toplaşan dostların bir araya gəlməsi çox önəmlidir. İftar süfrəsinin məqsədi xaricdə yaşayan soydaşlarımızı bir araya gətirmək və birliyi qoruyub saxlamaqdır.
44 günlük Vətən müharibəsi və Türkiyədə dağıdıcı zəlzələnin qurbanlarının xatirəsi ehtiramla anılıb. Vətən müharibəsinin igid qazilərinə şəfa və sağlıq dilənilib.
Quran tilavəti və dualardan sonra Müqəddəs Ramazan ayı münasibətilə oruc tutanlar iftarlarını açıblar.
İftar süfrəsində Niderland Krallığında yaşayan soydaşlarımız, türk icmasının üzvləri və yerli cəmiyyətin üzvləri iştirak ediblər.

 
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Rotterdam

Din 2023-04-02 16:26:00