×
A
A
A
Sazlamalar

Azərbaycan tarixinin önəmli bir dövrü Ulu Öndərin adı ilə bağlıdır

Biləsuvar, 1 aprel, İlkin Adıyev, AZƏRTAC

“Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı Sərəncama uyğun olaraq, Biləsuvar rayonunda da bu istiqamətdə silsilə tədbirlər keçirilir. Tədbirlərin tərkib hissəsi olaraq bu gün Biləsuvar rayonunda “Heydər Əliyev və Azərbaycançılıq məfkurəsi” mövzusunda konfrans təşkil olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən konfransın iştirakçıları əvvəlcə Ulu Öndərin adını daşıyan parkda dahi liderin ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini anıblar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan konfransda Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib.
Sonra qonaqlar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən eksponatlarla tanış olublar.
Konfransı giriş sözü ilə açan Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinin ölkəmizdə böyük təntənə ilə qeyd olunduğunu bildirərək, bütün həyatını xalqının xoşbəxtliyinə həsr edən dahi şəxsiyyətin Azərbaycanın dövlətçilik tarixindəki müstəsna xidmətlərindən danışıb. Vurğulanıb ki, azərbaycanlı olması ilə daim qürur duyan böyük şəxsiyyət həyatının böyük hissəsini ölkəmizin tərəqqisi naminə mübarizəyə həsr edib. Azərbaycan tarixinin önəmli bir dövrü - XX əsrin ikinci yarısı və XXI əsrin başlanğıcı məhz Ulu Öndərin adı ilə bağlıdır. Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu 30 illik dövr xalqımızın illərlə həsrətini çəkdiyi dövlət müstəqilliyimizin əldə edilməsi, möhkəmləndirilməsi, ölkəmizin inkişafı və yüksəlişi naminə apardığı mübarizələr və qələbələr tarixidir.
Digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə gördüyü misilsiz işlərdən, ayrı-ayrı sahələrin inkişafı üçün yaradılan şəraitdən, tolerantlıqdan və azərbaycançılıq ideologiyasının inkişafından danışıb, Ulu Öndərlə bağlı xatirələrini bölüşüblər.

Regionlar 2023-04-01 17:32:00