×
A
A
A
Sazlamalar

Macarıstanda ərzağa qoyulan qiymət tavanı inflyasiya azalanadək qüvvədə qalacaq

Bakı, 31 mart, AZƏRTAC

Macarıstan hökuməti əsas qida məhsulları üçün müəyyən etdiyi qiymət tavanını inflyasiya səviyyəsinin nəzərəçarpacaq dərəcədə azalmasına nail olanadək qüvvədə saxlayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban radioda çıxışı zamanı bildirib.
Yaranan vəziyyətin normal olmadığını etiraf edən hökumət başçısı bazar mexanizmlərinə administrativ müdaxilənin iqtisadiyyatın balanslaşdırılmış inkişafına maneə törədə biləcəyini vurğulayıb. Viktor Orbanın sözlərinə görə, Nazirlər Kabineti qiymət artımının qarşısını almaq üçün tədbirlər görür və artıq neqativ tendensiyanın dayandığının ilk əlamətləri görünməkdədir.
Ötən ilin nəticələrinə əsasən, Macarıstanda inflyasiya səviyyəsi 25 faizi ötərək Avropa İttifaqında ən yüksək yerlərdən birini tutub. Hökumət hesab edir ki, buna Ukraynadakı müharibə və Avropa İttifaqının Rusiyaya qarşı sanksiyaları səbəb olub.
Macarıstan hökumətinin əhalinin kasıb təbəqəsinə dəstək məqsədilə süd, kartof, şəkər, bitki yağı, buğda unu, yumurta kimi bəzi əsas qida məhsullarına tətbiq etdiyi qiymət tavanı azı aprelin sonuna qədər qüvvədə qalacaq.

Dünya 2023-03-31 16:24:00