×
A
A
A
Sazlamalar

31 Mart soyqırımı - bəşəriyyətə qarşı dəhşətli cinayət

Bakı, 31 mart, AZƏRTAC
1918-ci ilin martında Bakı şəhərində və Bakı quberniyasında azərbaycanlılara qarşı törədilmiş soyqırımından 105 il ötür. Bu hadisənin 100-cü ildönümü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci ildə imzaladığı Sərəncam bu istiqamətdə tarix tədqiqatlarında yeni səhifə açıb. Həmin vaxtdan etibarən ölkəmizdə milli tarixə maraq daha da artıb. Bu, həmçinin vətənpərvərlik hisslərini gücləndirmək baxımından böyük əhəmiyyət daşıyır.
AZƏRTAC Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü professor Musa Qasımlının “1918-ci il 31 Mart soyqırımı - bəşəriyyətə qarşı dəhşətli cinayət” adlı məqaləsini təqdim edir.
Soyqırımı ərəfəsindəki şəraitə qısa baxış
Birinci Dünya müharibəsinin gedişində oktyabr ayında Rusiyada bolşeviklər Müvəqqəti hökuməti devirib hakimiyyətə gəldikdən sonra rus Qafqaz cəbhəsinin dağılması nəticəsində Anadoluda törətdikləri soyqırımları üçün cəzasız qalmayacaqlarından qorxan erməni-daşnak dəstələri geri çəkilən ordu ilə birlikdə Cənubi Qafqaza qayıtdı. Bu zaman anarxiyanın hökm sürdüyü regionda Müvəqqəti hökumətin orqanları, sovetlər və milli komitələr fəaliyyət göstərirdi. Bakıdan keçib Rusiyaya getməli olan rus əsgərləri silah və sursatını ermənilərə və bolşeviklərə vermişdi. Mülki türk, müsəlman əhaliyə qarşı Şərqi Anadoluda törətdikləri qırğınları erməni silahlı dəstələri 1917-ci ilin payızından etibarən tarixi Azərbaycan torpağı olan İrəvan quberniyası-indiki Ermənistan Respublikası, Cənubi Azərbaycan, indiki Azərbaycan Respublikası və Tiflis quberniyası ərazilərində törətdilər.
Erməni silahlı qüvvələrinin mülki azərbaycanlı əhaliyə qarşı törətdikləri kütləvi qırğınların zirvə nöqtəsi 1918-ci ilin martında oldu.
Soyqırımının səbəbləri və məqsədləri
Martda törədilən soyqırımının həm tarixi kökləri, həm daxili şəraitdən, həm də böyük dövlətlərin regionda yürütdükləri siyasətdən törəyən səbəbləri var idi. Soyqırımının tarixi kökləri hər şeydən əvvəl, çar Rusiyasının isti dənizlərə yiyələnmək strategiyasını həyata keçirməkdən ötrü özünə “etibarlı” ünsür axtarması ilə bağlı idi. İsti dənizlərə çıxmaq üçün Osmanlı dövləti və İrana qarşı mübarizədə yanında qul psixologiyasına malik, Şərqi yaxşı bilən, şəraitə tez uyğunlaşmağı bacaran və özünə digər amillər baxımından yaxın hesab etdiyi erməniləri görməsi, onları Azərbaycan torpaqlarına köçürüb yerləşdirməsi, əlverişli şərait yaradaraq qısa müddətdə varlandırması ilə bütün Cənubi Qafqaz regionunda milli münaqişələrin və sonralar isə baş verən qanlı hadisələrin təməli qoyuldu.
İsti dənizlər uğrunda apardığı işğalçı müharibələr nəticəsində Azərbaycanı bölüşdürdükdən sonra Cənubi Qafqaza erməniləri yerləşdirməklə çarizm həm demoqrafik vəziyyəti dəyişdirdi, həm də onları Şərq siyasətində bir alətə çevirdi. Həmin siyasəti çarizm devrildikdən sonra qurulan Müvəqqəti hökumət, ondan sonra isə bolşevik Rusiyası davam etdirirdi. 1917-ci ilin noyabrında Bakıda S.Şaumyan başda olmaqla azərbaycanlıların əleyhinə olan sovet hakimiyyəti quruldu. V.İ.Lenin həmin ilin dekabrında S.Şaumyanı Qafqazda xüsusi səlahiyyətli komissar təyin etdi.
Soyqırımın törədilməsinin səbəblərindən biri neft amili ilə bağlı idi. İqtisadi baxımdan Bakı şəhəri bolşevik Rusiyası üçün böyük əhəmiyyət daşıyırdı. Dünya müharibəsinin son mərhələsində Yaxın, Orta Şərq və Cənubi Qafqazda iki əsas neft mənbəyi uğrunda hərbi əməliyyatlar aparılırdı. Bunlardan biri Mosul, digəri isə Bakı neft mənbəyi idi. Bolşevik Rusiyası şəhəri əldən vermək istəmirdi. Təsadüfi deyil ki, 1918-ci il mart ayının ikinci yarısında V.İ.Lenin ABŞ-nin Qırmızı Xaç nümayəndəliyinin rəhbəri polkovnik R.Robinsonun “Rusiya Sovet Respublikası üçün Bakının iqtisadi əhəmiyyəti nədədir” sualına “Bu – neft, işıq və enerjidir”, – deyə cavab vermişdi.
Soyqırımının səbəblərindən biri də Azərbaycanın yerləşdiyi əlverişli coğrafi mövqeyə yiyələnmək uğrunda dövrün böyük dövlətləri arasında gedən amansız mübarizə ilə bağlı idi. Bakıda bütün Cənubi Qafqazda hakimiyyətin hansı qüvvənin əlində olmasının taleyi həll edilirdi. Bakıya hakim olmaq bütün Cənubi Qafqaza nəzarət imkanı verər, Tiflisdə fəaliyyət göstərən Transqafqaz hökumətinin süqutuna gətirərdi. Bakıya yiyələnmək Xəzər dənizi və “dünyanın ürəyi” olan Orta Asiyaya gedən yola nəzarət etmək imkanı verərdi. Dünyanın ürəyinə gedən yol Bakıdan, Azərbaycandan keçirdi. Azərbaycan böyük ticarət yollarının üstündə yerləşirdi.
Qırğınların törədilməsinin digər bir səbəbi Osmanlının əhalisi əsasən türk və müsəlmanlardan ibarət olan Cənubi Qafqaza, xüsusən Bakıya buraxılmaması üçün Bakı və Bakı quberniyasını yerli, aborigen əhalidən təmizləmək və Azərbaycanın müstəqilliyinin qarşısının alınması idi. Bakı Sovetinin istifadə etdiyi erməni-daşnak qüvvələri isə tarixdə olmayan “böyük Ermənistan” qurmaq yolunda onlara mane ola biləcək azərbaycanlıları məhv etməyə çalışırdılar.
Beləliklə, İngiltərənin Bakıdakı təmsilçisi Makdonelin sözləri ilə ifadə edilərsə, “Bakı qazanı poqquldamağa başladı”. Bu şəraitdə qırğınlar üçün kiçik bir bəhanə lazım idi. O da tapıldı.
Bəhanə
Belə bir bəhanə general M.Talışinski başda olmaqla müsəlman (Azərbaycan) diviziyasının “Evelina” gəmisi ilə Lənkəranda həlak olan silah yoldaşları böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin oğlu Məhəmmədi Bakıya gətirən bir qrup zabit və əsgərinin Bakı Soveti tərəfindən tərksilah edilməsi oldu. Diviziyanın əsgər və zabitləri silahların geri qaytarılmasını tələb etsə də, nəticəsi olmadı. S.Şaumyanla aparılan danışıqlar da uğursuz oldu. Xalq küçələrə çıxıb silahların qaytarılmasını tələb etdi. Əhali arasında sosial dayağı olmayan bolşevik hökumətinin rəhbəri S.Şaumyan erməniləri və bolşevikləri, xüsusən Xəzər hərbi dəniz donanmasının matroslarını azərbaycanlılara qarşı soyqırımına təhrik etdi.
Soyqırımının həyata keçirilmə üsulları
Martın 30-da axşam saat 5-də Bakıda ilk atəş açıldı. Bakı Sovetinin qüvvələri ilə yanaşı, mart qırğını başlananadək özlərinin bitərəfliyini elan etmiş “Daşnaksütyun” və Erməni Milli Şurası, erməni ziyalıları, erməni kilsəsi bir neçə saatdan sonra Bakı Soveti tərəfindən döyüşə qatıldılar. S.Şaumyan bu hadisə ilə bağlı yazırdı ki, bizim süvari dəstəyə ilk silahlı hücum cəhdindən bəhanə kimi istifadə etdik və bütün cəbhə boyu hücuma keçdik, bizim artıq 6 min nəfərə qədər silahlı qüvvəmiz, həmçinin “Daşnaksütyun”un 3-4 minə qədər milli hissələri var idi, onlar da bizim sərəncamımızda idi. Onun baxışına görə, “Daşnaksütyun”un iştirakı guya vətəndaş müharibəsinə milli qırğın xarakteri verdi və bundan qaçmaq mümkün deyildi. Əlavə edirdi ki, biz buna şüurlu olaraq getdik. Əgər onlar Bakıda qələbə qazansaydılar, şəhər Azərbaycanın paytaxtı elan edilərdi.
Qırğın qəddarlıqla həyata keçirildi. Şəhər yerdən və havadan bombardman edildi. Mülki azərbaycanlı əhali diri-diri su quyularına, yanar təndirlərə, neft quyularına atılır, hamilə qadınların qarınları süngü ilə deşilir, körpə uşaqlar divarlara mıxlanır, qadınlar hörüklərlə bir-birinə bağlanaraq küçələrdə çılpaq gəzdirilirdi. Silahlı dəstələr uşaqlara, qocalara və qadınlara rəhm etmirdilər. Adamlardan siyasi mənsubiyyət soruşulmurdu. Öldürmək üçün “türk, müsəlman” olmaq kifayət edirdi.
Soyqırımının gedişində azərbaycanlılara məxsus ictimai binalar, milli rəmzlər və mədəniyyət ocaqları dağıdıldı. “Açıq söz”, “Kaspi” qəzetlərinin redaksiyaları, fəaliyyətini bütün Cənubi Qafqaza yayan və müharibə zamanı Qafqaz cəbhəsində hərbi əməliyyatlar meydanında böyük iş aparan, azərbaycanlıların ictimai hərəkatında mühüm rol oynayan Müsəlman Xeyriyyə Cəmiyyətinin yerləşdiyi “İsmailiyyə” binası yandırıldı. Təzəpir məscidinin minarələri zədə aldı.
Qüvvələr bərabər deyildi. Buna görə də martın 31-də azərbaycanlılar döyüşü dayandırdılar. Buna baxmayaraq, azərbaycanlıların öldürülməsi davam edirdi. Döyüş yalnız aprelin 2-də dayandırıldı.
Soyqırımının nəticələri
Bakıda törədilən soyqırımının ağır nəticələri oldu. Sonralar Blyumkin soyadlı bir bolşevik S.Şaumyanın Bakı Sovetinin iclaslarında M. Ə. Rəsulzadəni və silahdaşlarını təhlükəli şəxslər kimi qiymətləndirdiyini, Osmanlıya arxalandıqlarını deyərək onun aşağıdakı fikirlərini vurğulayırdı: “...18-ci ilin mart hadisəsi baş verdi. Və biz özümüzün silahlı qüvvəmiz olmadığından daşnak dəstələrindən istifadə etdik. Lakin daşnak dəstələri özlərinin alçaq işlərini həyata keçirdilər, vətəndaş müharibəsi əvəzində milli qırğın törətdilər, 20 min nəfərə qədər məzlum müsəlman əhalini qırdılar...müsəlman əhali bolşeviklərə quldurlar kimi baxır...”
Nəriman Nərimanov 1918-ci il mayın 23-də çap olunmuş “Vətəndaş müharibəsinin milli rəng almaması üçün nə etmək lazımdır” adlı məqaləsində yazırdı: “Fanatizmdən uzaq olan hər bir şəxsə məlumdur ki, Zaqafqaziyada gedən vətəndaş müharibəsində 99 faiz bir millətin nümayəndələri qırılır. İrəvan quberniyası, Lənkəran qəzası, Quba, Şamaxı bölgələri mənim dediklərimi tamamilə təsdiq edir”.
N.Nərimanov 1919-cu ilin fevralında yazdığı “Biz Qafqaza hansı şüarla gedirik” və “Qafqazın işğalına baxış” adlı məqalələrində qeyd edirdi ki, bolşevizm şüarları altında daşnaklar müsəlman əhaliyə zülm etdilər. Belə şəraitdə sovet hökuməti Bakıda vətəndaş müharibəsinə başlamağa qərar verdi. Vətəndaş müharibəsi adı altında Bakıda qanlı hadisələr törədildi. Bakıda sovet hakimiyyəti daşnakların əlində alət idi.
Bakıda baş verən hadisələrlə bağlı olaraq ingilis arxiv sənədində yazılır: “Ermənilərin qoşun qüvvələri bolşeviklərə ümid edirdilər. Belə hesab edirdilər ki, onların yaxşı silahlanmış dəstələri müsəlmanlara qarşı çıxıb onları məhv edə biləcəklər. Ağır döyüşlər oldu. Müsəlmanların dörddə bir hissəsi öldürüldü...”
Qeyd etmək lazımdır ki, o zaman Bakı şəhərində təqribən 280-300 min nəfər əhali yaşayırdı və onun 80-100 min nəfəri azərbaycanlı idi. Bu qədər əhalinin dörddə biri 20-25 min nəfər edir.
Böyük Britaniya nümayəndəsi P.Koks bir müddət sonra, 1918-ci il 30 oktyabr tarixdə Tehrandan göndərdiyi teleqramında yazırdı: “Ermənilər və bolşeviklərlə mübarizə nəticəsində mart ayında 180 kənd dağıdıldı və müsəlmanlar öldürüldülər.”
İngilis nümayəndələrinin 1918-ci il aprelin 9-da Bakıdan göndərdikləri teleqramda deyilirdi ki, ermənilər bolşeviklərlə birləşərək özlərinə düşmən hesab etdikləri azərbaycanlılara qarşı qırğınlar törətdilər.
ABŞ-nin Harbord missiyasının hesabatında yazılırdı ki, ermənilər 1918-ci ilin martında Bakıda 2 min azərbaycanlını öldürdülər.
İndianapolisdən olan amerikalı alim Leonard Ramsden Hartill yazır ki, ermənilər Bakıda 25 min müsəlmanı qətlə yetirdilər.
ABŞ kəşfiyyat mənbələrinə görə, 60 min Azərbaycan türkü qaçqına çevrildi və 420 müsəlman kəndi dağıdıldı.
Mart soyqırımını törədənlər istəklərinə nail ola bildilərmi?
Martda Bakıda törədilən soyqırımında çoxlu itkilər verilsə də, Azərbaycan xalqının iradəsini qırmaq mümkün olmadı, dövlət müstəqilliyinin elanı yubadılsa da, dayandırıla bilmədi. Mayın 28-də Azərbaycan xalqı bütün müsəlman Şərqində ilk dəfə olaraq respublika üsul-idarəsini qurdu. Respublika məfkurəsini müsəlman Şərqinə məhz Azərbaycan xalqı gətirdi, müsəlman xalqlarına müstəmləkəçilikdən xilas olmaq yolunu və nümunəsini göstərdi. Bakı şəhəri sentyabrın 15-də azad edildi. Azərbaycan hökuməti tarixi şəhərimiz olan Bakıya köçdü. Azərbaycan nefti yadelli qüvvələrin əlindən alındı. Azərbaycan xalqı taleyinin sahibi oldu.
Soyqırımına verilən qiymət
Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra 1918-ci ilin mart hadisələrinin təhqiqinə xüsusi diqqət yetirildi. Nazirlər Şurası 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədilə Fövqəladə İstintaq Komissiyasının yaradılması haqqında qərar qəbul etdi. Komissiyada çalışanlar əsasən ruslar, yəhudilər və digər millətlərin nümayəndələri idi.
Komissiya mart soyqırımını, ilkin mərhələdə Şamaxıdakı vəhşilikləri, İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri ağır cinayətləri araşdırdı. Dünya ictimaiyyətinə bu həqiqətləri çatdırmaq üçün Xarici İşlər Nazirliyi nəzdində xüsusi qurum yaradıldı.
31 Mart tarixi iki dəfə - 1919 və 1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edildi. Əslində bu, azərbaycanlılara qarşı yürüdülən soyqırımı və bir əsrdən artıq davam edən torpaqlarımızın işğalı proseslərinə tarixdə ilk dəfə siyasi qiymət vermək cəhdi idi. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutu bu işin başa çatmasına imkan vermədi.
Azərbaycan xalqının Ümummilli Lideri, Prezident Heydər Əliyevin 26 mart 1998-ci il tarixli Fərmanı ilə 31 mart azərbaycanlıların soyqırımı günü elan edildi. Bundan sonra həmin tarixin daha dərindən araşdırılması istiqamətində geniş işlər görüldü.
İbrət dərsləri
Mart ayında törədilən soyqırımından alınacaq bir sıra ibarət dərsləri var. Bu hadisə insanlığa qarşı cinayətdir və bir daha təkrarlanmamalıdır. Azərbaycan xalqı yaxşı təşkil olunmadığı və ordusu olmadığı üçün soyqırımının qarşısını ala bilmədi. Deməli, Azərbaycan xalqı daim mütəşəkkil olmalı, ordusunun və dövlətinin yanında olmalıdır.
1918-1920-ci illərdə Daşnak Ermənistanında soyqırımı, terror dövlət siyasətinə çevrildi. 1920-ci ildə Ermənistanda hakimiyyətə gələn bolşeviklər daşnak siyasətini davam etdirdilər. Azərbaycanlılar tarixi dədə-baba torpaqlarından sıxışdırılıb çıxarıldılar. 1948-1953-cü illərdə azərbaycanlılar zorla deportasiya edildilər. Onların evlərinə xaricdən gətirilən ermənilər yerləşdirildi. Ermənistan süni şəkildə erməniləşdirildi. 1988-ci ildən etibarən sonuncu azərbaycanlılar qovuldular. Minlərlə adam həlak oldu. 1992-ci ilin fevralında Ermənistan Xocalıda bəşəriyyətə və sivilizasiyaya qarşı soyqırımı törətdi. 44 günlük Vətən müharibəsində hərbi əməliyyatlar meydanından uzaq olan Gəncə, Mingəçevir və digər yaşayış məntəqələrində mülki əhalini raket atəşinə tutub öldürməklə cinayətlərini davam etdirdi.
1918-ci ildə Azərbaycan dövləti olsaydı və güclü olsaydı, bu soyqırımının qarşısını almaq mümkün olardı. Deməli, Azərbaycan xalqı daim güclü Azərbaycan dövlətinin mövcudiyyətinə maraqlı olmalıdır. Çünki yalnız güclü dövlət milləti fiziki baxımdan qoruyur və bütün sahələrdə inkişaf etdirir, əks halda millət daim geriyə gedir. Necə ki, 44 günlük Vətən müharibəsində qazanılan parlaq Qələbə bunu göstərdi.

Elm və təhsil 2023-03-31 10:02:00