×
A
A
A
Sazlamalar

31 Mart - tarixi yaddaşımızdan silinməyən soyqırımı

Bakı, 30 mart, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilib.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
Tədbir iştirakçıları soyqırımı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Baş direktor coğrafiya elmləri doktoru Zakir Eminov qeyd edib ki, ermənilərin Azərbaycana qarşı uzun illər boyu apardığı ardıcıl etnik təmizləmə, bu yolla azərbaycanlıları daimi yaşadıqları doğma torpaqlardan çıxarmaq, özgə torpaqlar hesabına öz ərazilərini böyütmək məqsədinə xidmət edib. Genişmiqyaslı qanlı aksiya nəticəsində yüzlərlə yaşayış məntəqəsi yerlə-yeksan edilib, minlərlə azərbaycanlı böyük qəddarlıqla qətlə yetirilib. 1918-ci ilin martında ermənilər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırımı aktı törədiblər.
Geoinformatika və kartoqrafiya şöbəsinin müdiri coğrafiya üzrə fəlsəfə doktoru Şamil Əzizov çıxış edərək Rusiya, Türkiyə və İran kimi üç böyük dövlətin arasında yerləşən Azərbaycana qarşı əsrlərlə həm işğalçılıq siyasətinin, həm də kartoqrafik-toponimiya müharibəsinin aparıldığını diqqətə çatdırıb. O qeyd edib ki, 2020-ci ilin Vətən müharibəsində əldə olunan zəfər Azərbaycan xalqının məğlubedilməzliyini və böyük daxili potensialını bütün dünyaya göstərdi. Azərbaycan dövləti sübut etdi ki, heç kimə nə xalqına zülm etməyə, nə də torpaqlarının yadellilər tərəfindən mənimsənilməsinə yol verməyəcək.
Mövzu ətrafında fikirlərini bölüşən Həmkarlar Təşkilatının sədri Habil Haqverdiyev, şöbə müdiri Mirnuh İsmayılov və digərləri zəngin təbii ehtiyatlara malik Azərbaycanın işğalçı dövlətlər tərəfindən zəbt olunması üçün mütəmadi olaraq ermənilərdən istifadə edildiyini vurğulayıblar.

Elm və təhsil 2023-03-30 18:31:00