×
A
A
A
Sazlamalar

Fəlsəfə və Sosiologiya İnstitutunda 31 Mart soyqırımı qurbanlarının xatirəsi anılıb

Bakı, 30 mart, AZƏRTAC

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunda 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım tədbiri keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, əvvəlcə ermənilərin xalqımıza qarşı həyata keçirdiyi soyqırımlar nəticəsində həyatını itirmiş, Vətənimizin ərazi bütövlüyü uğurunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Fəlsəfə və Sosiologiya İnstitutunun baş direktoru professor İlham Məmmədzadə ermənilərin tarixən xalqımıza qarşı törətdikləri qanlı qırğınlardan, soyqırımlarından danışıb: “31 Mart soyqırımı azərbaycanlılara qarşı ən amansız şəkildə həyata keçirilib. Bu baxımdan elmi əsərlərimizdə, məqalələrimizdə bu məsələlərə daha geniş toxunmalı və onu dünyanın nüfuzlu jurnallarında dərc etdirməliyik. Bütün dünya tarixin yaddaşından süzülüb gələn gerçək həqiqətləri, ermənilərin Azərbaycan xalqına qarşı zaman-zaman apardıqları məqsədyönlü soyqırımı siyasətinin dünya ictimaiyyətinə, eləcə də gələcək nəsillərə əsaslı şəkildə çatdırılması istiqamətində Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşlarının da öhdəsinə böyük vəzifələr düşür”.
Sonra Fəlsəfə və Sosiologiya İnstitutunun əməkdaşları - fəlsəfə üzrə fəlsəfə doktoru Şöhlət Zeynalov və siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Zaur Əliyev “31 Mart: siyasi hüquqi baxış”, fəlsəfə üzrə fəlsəfə doktoru Fikrət Nəbiyev, kiçik elmi işçi Ceyran Hüseynli “31 Mart - Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayət”, professor Sakit Hüseynov, filologiya elmləri doktoru, dosent Afaq Əsədova və digər əməkdaşlar öz çıxışlarında tarixi faktlara istinad edərək ermənilərin ötən əsrin əvvəllərindən etibarən əzəli Azərbaycan torpaqlarında törətdikləri qırğınlar və soyqırımından ətraflı bəhs ediblər.

Elm və təhsil 2023-03-30 18:10:00