×
A
A
A
Sazlamalar

“Heydər Əliyev İli” çərçivəsində tələbələrin növbəti elmi konfransı keçirilib

Bakı, 30 mart, AZƏRTAC

Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsində Tələbə Elmi Cəmiyyətinin (TEC) “Heydər Əliyev İli” çərçivəsində “Azərbaycanda mühəndisliyin inkişafında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda XVI elmi konfransı keçirilib.
AZƏRTAC xəbər verir ki, konfransı açan Mühəndislik fakültəsinin dekanı Almaz Əliyeva Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə apardığı quruculuq işlərindən və mühəndisliyin inkişafına göstərdiyi xüsusi diqqət və qayğıdan söhbət açıb. MDU-da Ulu Öndərin zəngin irsinin öyrənilməsi və təbliği istiqamətində həyata keçirilən fəaliyyətlərin əhəmiyyətindən bəhs edən A.Əliyeva tələbələrin bununla bağlı elmi tədqiqat işlərinə böyük maraq göstərmələrini müsbət dəyərləndirib və konfransın işinə uğurlar arzulayıb.
Sonra MDU-nun Elm və İnnovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev, TEC-in sədri Günəş Şəfaqətov və Qazi Universitetinin MDU-da fəaliyyət göstərən alimi Sinan Toklu çıxış edərək, Ümummilli Liderin Azərbaycanda mühəndisliyin inkişafına misilsiz töhfələrindən danışıb, konfransın proqramına daxil olan mövzuların aktuallığını vurğulayıblar.
Daha sonra məruzələr dinlənilib. Maraqla qarşılanan məruzələr ətrafında müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.

Regionlar 2023-03-30 12:10:31