×
A
A
A
Sazlamalar

31 Mart soyqırımı - insanlığın faciəsi

Bakı, 29 mart, AZƏRTAC

Bütün tarixi dövrlərdə soyqırımı bəşəriyyətin amansız faciəsi, sülh və insanlıq əleyhinə törədilən ən dəhşətli cinayət hesab olunub. Müasir dünyada qəbul edilmiş mənasına görə soyqırımı bir millətin dil, din, milli fərqləri ilə əlaqədar olaraq məqsədli şəkildə məhv edilməsi prosesidir. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyası ilə müəyyən edilib və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə törədilən hərəkətlərdir. Soyqırımı cinayətini müəyyən edən bütün bu hallara Azərbaycan xalqının tarixində dəfələrlə rast gəlinir. Səbəb isə odur ki, ermənilərin “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətlərin və soyqırımı aktlarının reallaşması ilə nəticələnib.
XVIII əsrdən etibarən tarixi Azərbaycan torpaqlarında məskunlaşdırılmağa başlayan ermənilərin uydurma “Böyük Ermənistan” ideyasını gerçəkləşdirmək planı paralel olaraq azərbaycanlıların öz torpaqlarından qovulması və məhv edilməsi siyasətinin əsasını qoyub. Həmin tarixdən başlayaraq minlərlə günahsız azərbaycanlı ermənilərin düşünülmüş və planlı şəkildə davam edən soyqırımı siyasətinin qurbanı olub. Ermənilərin Azərbaycan xalqına qarşı soyqırımı, azərbaycanlıların öz tarixi torpaqlarından kütləvi surətdə deportasiyası, Azərbaycanın şəhər və kəndlərinin dağıdılması, tarixi adlarının dəyişdirilməsi siyasəti bütün XX əsr boyu da davam edib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov söyləyib
O qeyd edib ki, 1905-1907-ci illərə təsadüf edən ermənilərin azərbaycanlılara qarşı ilk kütləvi qırğınında Bakıda, Naxçıvanda, Zəngəzurda, İrəvanda və digər tarixi Azərbaycan torpaqlarında ermənilər tərəfindən minlərlə azərbaycanlı amansızcasına qətlə yetirilib. 1917-ci ildə Rusiyada baş vermiş oktyabr çevrilişindən sonra öz iddialarını bolşevik bayrağı altında sürdürməyə davam edən ermənilər daha da azğınlaşmış, 1918-ci ilin martından başlayaraq Bakıda, Şamaхıda, Qubada, Xaçmazda, Göyçayda, Kürdəmirdə, Salyanda, Lənkəranda və digər bölgələrimizdə azərbaycanlılara qarşı qeyri-insani vəhşiliklər, qətllər, qırğınlar törətmiş, nəticədə 1918-ci ilin 30 mart - 3 aprel tarixlərində 10 minlərlə soydaşımız yalnız milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib, yaşayış məntəqələri, milli memarlıq abidələri, məscidlər, qəbiristanlıqlar dağıdılmış, Bakının böyük bir hissəsi xarabalığa çevrilmişdir.
“Azərbaycan xalqının başına gətirilən ən dəhşətli faciələrdən biri olan 1918-ci ilin mart soyqırımında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri xüsusi rol oynayıb. Təkcə milli mənsubiyyətinə görə, minlərlə dinc azərbaycanlının məhv edilməsi, qadınların, körpələrin, yaşlı insanların amansızlıqla qətlə yetirilməsi bu cinayətlərin soyqırımı niyyətini sübut edir. Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirən erməni vandallarının 1992-ci il fevralın 26-da Xocalı şəhərində törətdiyi cinayətlər də öz xarakteri və ağırlığına görə BMT Baş Assambleyasının Konvensiyası ilə müəyyən edilmiş soyqırımı anlayışına tamamilə uyğun gəlir. Beynəlxalq hüquqa görə, soyqırımı törətmiş şəxslərin cinayət mühakiməsi və cəzalandırılması labüddür. Beynəlxalq hüquq soyqırımı cinayətinin anlayışını müəyyən etməklə yanaşı, həmin cinayəti törətmiş şəxslərin məsuliyyətini də müəyyənləşdirir. Belə ki, “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiyaya əsasən iştirakçı dövlətlər soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslərin cəzalandırılması üçün təsirli tədbir görməli, soyqırımı cinayətini törətməkdə təqsirli olan şəxslər dövlətin ərazisində səlahiyyətli məhkəmələrdə mühakimə olunmayıbsa, beynəlxalq məhkəmə tərəfindən mühakimə edilməlidir. Lakin çox təəssüf ki, uzun illər boyu erməni lobbisinin təsiri altında dünyanın müxtəlif dövlətlərinin və beynəlxalq təşkilatların parlamentlərində qondarma “erməni soyqırımı” məsələsi ilə bağlı məkrli siyasət yeridən bəzi dünya siyasətçiləri ermənilərin əslində soyqırımı qurbanı yox, soyqırımı törədən olduğunu etiraf etmək istəmirlər”, - deyə Z.Əsgərov qeyd edib.
Deputat vurğulayıb ki, ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımı faciələrinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işini xalqımız Ulu Öndərinin rəhbərliyi ilə özü həyata keçirməyə başlayıb. Ümummilli Lider Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədilə 1998-ci il martın 26-da böyük siyasi, tarixi və hüquqi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış və həmin Fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Ümummilli Lider Heydər Əliyevin dili ilə desək, bizim ermənilərdən fərqli olaraq məqsədimiz soyqırımını əsas gətirərək xaricdən özümüzə maliyyə yardımı almaq deyil, bizim məqsədimiz həqiqəti dünyaya çatdırmaqdır. Ulu Öndərin tarixi Fərmanından sonra erməni cinayətlərinin öyrənilməsi istiqamətində mühüm işlər görülməyə başlanıb, tarixi tədqiqatlar, araşdırılmalar aparılıb, çoxlu əsərlər yazılıb və xarici dillərə tərcümə olunub. Ötən illər ərzində aparılmış araşdırmalar sayəsində bir çox yeni faktlar və sənədlər toplanıb, Quba şəhərində kütləvi məzarlıq aşkarlanıb. Şamaxı hadisələri ilə əlaqədar tədqiqat işləri hələ də davam olunur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə ermənilərin həyata keçirdikləri qanlı cinayətlərin coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının dəfələrlə çox olduğunu sübuta yetirir. Soyqırımı qurbanlarının aşkarlanan kəllə və digər sümüklərində insanların xüsusi qəddar üsullarla öldürülməsi erməni vəhşiliyin hüdudlarının olmadığını göstərir.
“Xalqımıza qarşı edilmiş bu vəhşiliyi və cinayətləri unutmamalıyıq. Qan yaddaşımızın unudulmaması Prezident İlham Əliyevin də ən çox diqqət yetirdiyi həssas məqamlardan biridir. Prezident İlham Əliyev 2009-cu il 30 dekabr tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi“nin yaradılmasına qərar verib. Dövlətimizin başçısı, həmçinin 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalayib və bu qanlı tarixin 100 illiyi xüsusi diqqət yetirilərək qeyd edilib. Hər il həm 1918-ci il soyqırımının, həm də Xocalı faciəsinin ildönümlərində anım mərasimləri, ümumxalq yürüşləri, tədbirlər, konfranslar keçirilir, xarici ölkələrin parlamentlərinə, hökumətlərinə, beynəlxalq təşkilatlara soyqırımı ilə bağlı onlarla müraciətlər edilir.
Azərbaycanın 44 günlük Vətən müharibəsində şanlı Qələbəsi, işğaldan azad edilmiş tarixi torpaqlarımıza xarici ölkələrin səfirlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin və digər xarici qonaqların səfərlərinin təşkili erməni vəhşiliyinin dünyaya çatdırılması üçün beynəlxalq ictimaiyyət və təşkilatlar qarşısında yeni imkanlar açır. Biz bütün bu imkanlardan istifadə edərək erməni vəhşiliyinə beynəlxalq müstəvidə lazımi siyasi-hüquqi qiymət verilməsi istiqamətində fəaliyyətimizi davam etdirəcəyik”, - deyə Ziyafət Əsgərov bildirib.

Qan yaddaşı 2023-03-29 18:23:00