×
A
A
A
Sazlamalar

Azərbaycançılıq ideologiyasının müstəqil dövlətçiliyimizin əsasına çevrilməsi Ulu Öndərin adı ilə bağlıdır

Şəki, 28 mart, Mustafa Dadaşov, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanda yaşayan bütün millətləri bir araya gətirən azərbaycançılıq ideologiyasını dövlət siyasətinə çevirməsi olub. Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, dünya azərbaycanlılarını birləşdirən məfkurəyə çevrilməsi məhz Ulu Öndərin adı ilə bağlıdır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər “Heydər Əliyev İli” çərçivəsində martın 28-də Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda konfransda səsləndirilib.
İcra hakimiyyətinin akt zalında şəhər rəhbərliyi, elm adamları, ziyalılar və ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda məruzə ilə çıxış edən Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov bildirib ki, azərbaycançılıq ideologiyasının yaranması və müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyət məhz bu ideologiyaya əsaslanan milli dövlət yaratmış, xalqda dövlətçilik hissini formalaşdırmışdır. Vurğulanıb ki, Heydər Əliyev azərbaycançılıq ideologiyasını formalaşdırarkən çoxəsrlik milli-mənəvi dəyərlərin qorunmasına, dövlət siyasətində ehtiva olunmasına ciddi diqqət yetirirdi.
Diqqətə çatdırılıb ki, müasir dövrdə azərbaycançılıq ideologiyası öz təsir dairəsini genişləndirib, ölkəmizin sosial, siyasi, iqtisadi və mədəni cəhətdən daha da inkişaf etməsinə zəmin yaradıb. Ulu Öndər Heydər Əliyevin ideyalarını uğurla həyata keçirən Prezident İlham Əliyev diaspor və lobbi quruculuğuna mühüm məsələlərdən biri kimi yanaşır.
Konfransda Şəki Şəhər İcra Hakimiyyəti başçısının müavini, tarix üzrə fəlsəfə doktoru Zərinə Cavadova, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şəki filialının elmi işlər üzrə direktor müavini, dosent Nuralı Çələbiyev, Şəki Dövlət Regional Kollecinin direktor müavini Rafiq Səmədov çıxış edərək, azərbaycançılıq ideologiyasının yaranmasından, Azərbaycan tarixinin, dilinin, mədəniyyətinin hərtərəfli şəkildə və dərindən öyrənilməsi, təbliği, gənc nəslin milli-mənəvi ruhda tərbiyə edilməsi və ümumilikdə, azərbaycançılıq məfkurəsinin möhkəm, etibarlı bazasının formalaşdırılması sahəsində Ulu Öndərin xidmətlərindən bəhs ediblər.
Sonda “Heydər Əliyev və azərbaycançılıq” adlı film nümayiş olunub.

Regionlar 2023-03-28 16:01:00