×
A
A
A
Sazlamalar

Şuşada fəaliyyət göstərən yeganə kuryerin bir günündən reportaj VİDEO

Şuşa, 24 mart, Rəşad Türkoğlu, AZƏRTAC

Əzəmətli, hər qarışında bir tarix barındıran Şuşaya geri dönəcəyimizi, orda müxtəlif peşələrdə çalışıb, xalqımıza xidmət göstərəcəyimizi düşünmək bir vaxtın xəyalı idisə, son 3 ilin möcüzəvi reallığıdır. İndi Şuşa yenidən qurulur, ötən 30 ilin ermənilərdən qalan kirli keçmişi bərpa prosesi ilə təmizlənir. Bu prosesin parçası olanlar arasında bir çox peşənin insanları var. Müsahibimiz isə həmin peşənin insanlarına xidmət göstərərək qala-şəhərdə qutsal vəzifəni icra etməklə yanaşı, həm də sevdiyi işlə məhz Şuşada məşğul olmağın zövqünü yaşayır.

AZƏRTAC xəbər verir ki, söhbət kuryerlik fəaliyyəti ilə məşğul olub, hər gün səhər tezdən işinə tələsən Sərxan Bəbirlidən gedir.
Dan yeri ağarır, Günəşin al şəfəqləri Şuşanın küçə və məhəllələrini işıqlandırır, Günəş Cıdır düzündən boylanaraq yeni günə start verir. İsa bulağının suyundan içib bol enerji ilə oyanan Şuşa sakinləri iş yerlərinə üz tuturlar – Şuşanın yenidən qurulmasını, bərpa və gözəlləşdirilməsini qarşısına məqsəd qoyan həmin məkana. Tikinti və quruculuqla məşğul olan, o cümlədən, digər fəaliyyətlərlə də vəzifələrini icra edən çoxsaylı peşə işçiləri olmasına baxmayaraq, müsahibimiz öz sahəsinin yeganə nümayəndəsidir.

Sərxan Bəbirlinin 5 aydır hər günü belə başlayır - Şuşanın günlük rutininə əvvəlcə gözləri ilə şahidlik edir, sonra təmiz havasından dərin bir nəfəs alıb, sevgisi ilə bəslədiyi işinə başlamaq üçün tələsir: Çayını dəmləyir, süfrəsini hazırlayır. İş yerinə vaxtında çatmaq üçün o, dəmir atının üzərinə atılaraq Şuşanın qədim və dolayı küçələrindən keçməklə hərəkətinə davam edir.

Şuşada fəaliyyətdə olan restoranların birində kuryer fəaliyyəti göstərən 23 yaşlı Sərxan sifarişləri vaxtında çatdırmaq üçün bəzən tələsdiyini də gizlətmir. Ancaq ehtiyatını da əldən vermir. Onun Şuşada iş imkanının yaranması sərgüzəştinə gəlincə, bu, Sərxanın öz təşəbbüsü ilə mümkün olub. Müsahibim deyir ki, 4 il Bakıda fəaliyyət göstərib, sonra burda işləmək qərarına gəlib. İş elanından ilk yararlanan biri olmağın verdiyi zövqü, fəxarət hissini isə ifadə edə biləcək bir sözü var - Xoşbəxt və şanslıyam: “Bir gün qarşıma belə bir elan çıxdı - Şuşada kuryerlik. Əlbəttə ki, hər kəsin belə bir əziz yerdə xidmət eləmək arzusudur. Bu fürsəti əldən verməmək üçün müraciət elədim. Sağ olsunlar, onlar da istəyimi qəbul etdilər. İki gün ərzində bura göndərildim. O gün-bu gün, 5 aydır burda işləyirəm. Bu yer tamam başqadır, yəni burda işləmək qürurvericidir, Şuşada əmək sərf edənlərə qulluq eləmək tamam başqadır. Bakı ilə müqayisə eləsək, sözsüz, Şuşa daha maraqlıdır. Tarix yatan küçələri, nəğmələrə mövzu olan Cıdır düzü, neçə-neçə şirin səsli sənətkarlarımızı yetişdirən İsa bulağı... – bunlar insanda işləməyə həvəs yaradır. Bu mənim arzum idi, arzuma çatdım. Düzü, əvvəl gələndə bir az çətinlik oldu. İnsan gəzdikcə, gördükcə öyrəşir, tanıyır. Artıq buranın hər qarışını tanıyıram”.

Danışdıqca gözlərindəki heyranlığı sözləri ilə ifadə eləməyə çalışan müsahibim bəzən duyğularının təzahüründə kəlmə arasından kəlmə seçməkdə də çətinlik çəkirdi.
Əlbəttə, bir vaxtlar qalın tarix kitablarının səhifələrində adına rast gəldiyimiz, yaranma tarixini oxuduğumuz, alınmaz qala kimi beynimizə həkk etdiyimiz Şuşada bu gün hər hansı bir işlə məşğul olmaq nitqi qurudacaq hisslər yaşadır. İndi həmin qala-şəhərin sürətlə yenidən qurulma prosesi gedir, yollarda iri qabaritli maşınlar, traktorlar da az olmur. Belə məqamda motosiklet üçün həmin yollar həm də bir qədər təhlükə mənbəyinə çevrilir. Günün müxtəlif saatlarında fərqli məkanlara üz tutaraq sifarişləri ünvanına çatdıran gənc motoskiletçi peşəsinin vurğunu olması ilə yanaşı, işinin çətinliyinin və məsuliyyətinin də fərqindədir.
Şuşada tikinti sahəsində çalışan Şahin Ağarəhimov deyir ki, qala-şəhərin küçələrində motoskiletin olması həm maraqlıdır, həm də kömək vasitəsidir: “İş yerində, evdə harada olmağımızdan asılı olmayaraq bir zənglə özünü bizə yetirə bilir. Kimə nə ehtiyacdır, restorandan, aptekdən, digər yerlərdən alaraq vaxtında gətirir”.

Bu minvalla yavaş-yavaş hava qaralır, gün başa çatır. Səhər tezdən Şuşanı işıqlandıran Günəşi Ay əvəz edir. Qaş qaraldıqda digər işçilər kimi Sərxan Bəbirli də gününə yekun vurur. Gənc bayker növbəti günə yeni həvəs, həyəcanla başlamaq üçün otağına çəkilir.

Regionlar 2023-03-24 14:48:00

Video