×
A
A
A
Sazlamalar

Laçın-Xankəndi yolunda ekoaksiyanın 99-cu günü bayram əhvali-ruhiyyəli olub

Şuşa, 20 mart, Elmir Səftərov, AZƏRTAC

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllülərin, ekofəallərın və gənclərin Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da bayram əhvali-ruhiyyəsi ilə davam edir.
AZƏRTAC xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda fəallığı müşahidə olunur. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər.
Etirazçılar hər zaman olduğu kimi, bu gün də humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətməyiblər. Bu gün təkcə Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillər Laçın-Xankəndi yolundan keçib. Həmin nəqliyyat vasitələrinin arasında təminat-təchizat, tibbi yardım və minik avtomobilləri olub.
Qeyd edək ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər. Ermənistan mətbuatında yayılan və etirazçıların guya Xankəndi-Laçın yolunu bağladıqları və təminat avtomobillərini buraxmadıqları ilə bağlı xəbərlər qarşı tərəfin növbəti dezinformasiyasıdır.
Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunub.
Gün ərzində hava dəyişkən buludlu keçib. Bütün bunlara baxmayaraq, ekofəallar tələblərində qəti olduqlarını nümayiş etdiriblər.
Bu gün Şuşada ekoaksiyanın iştirakçıları üçün Novruz şənliyi təşkil olunub Laçın-Xankəndi yolunun. Şuşa ərazisindən keçən hissəsinin yaxınlığında bayram tonqalı qalanıb. “DJ Kənan Drums” tərəfindən müxtəlif musiqilər səsləndirilib.
Aksiya iştirakçıları üçün, həmçinin bayram süfrəsi açılıb, Novruz təamları, o cümlədən kabab bişirilib.
Novruz tonqalının yaxınlığında səməni atributu yerləşdirilib, qurulan bayram çadırında səməni, xonça və digər Novruz atributları düzülüb.
Ekofəallar bayram tonqalı ətrafında toplanıb, şən musiqi sədaları altında rəqs ediblər. Aksiyanın keçirildiyi ərazidə hazırda Novruz ab-havası hökm sürür.
Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya başlayıblar.

Siyasət 2023-03-20 23:05:00