×
A
A
A
Sazlamalar

Nərgiz Xələf: Fransa, ilk növbədə, dönüb özünə baxmalıdır

Bakı, 17 mart, AZƏRTAC

Azərbaycan 44 günlük Vətən müharibəsində Qələbə qazandıqdan sonra Fransanın ermənilərlə bu cür tərəfdaşlıq etməsi və ölkəmizi bir çox məsələlərdə, həmçinin erməni vətəndaşlarına guya “ayrı-seçkilik” göstərməsi kimi ittihamları çox gülüncdür. Uzun illər Fransa vətəndaş cəmiyyəti ilə sıx əməkdaşlıq edən təşkilatın nümayəndəsi kimi deyə bilərəm ki, bir azərbaycanlı olaraq bu diskriminasiyanı həmişə hiss etmişəm. Birgə fəaliyyət göstərdiyim təşkilat məhz Fransada baş verən irqi və dini ayrı-seçkiliklə bağlı layihələrin icra olunmasına çalışırdı. Əgər cəmiyyətdə hər hansı bir problem qabardılırsa və vətəndaş cəmiyyəti o problemin üzərində iş aparmağa çalışırsa, bu, ölkə üçün həmin məsələnin yetərincə böyük olduğunu deməyə əsas verir. Bu vəziyyət 2000-ci illərin əvvəllərindən özünü daha qabarıq göstərməyə başladı.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının İdarə Heyətinin üzvü, ictimai fəal Nərgiz Xələf söyləyib.
Onun sözlərinə görə, Fransada müsəlman əhaliyə qarşı etimadsızlığı və diskriminasiyanı göstərən 2021-ci il 21 avqust tarixli "Respublika prinsiplərinə hörmətin möhkəmləndirilmısi haqqında" qanuna əsasən, son iki ildə müsəlmanların sahib olduğu 718 təşkilat, 4 məktəb, 37 məscidin fəaliyyəti dayandırılıb. Hətta müsəlman dinindən olan və ya başqa dinə mənsub olan insanların həmin ölkəni tərk etməsi dediklərimizə sübutdur.
“Bu qədər fərqli dinlərin nümayəndələri vaxtilə Fransaya miqrant kimi nə üçün çox gedib? Bu suala Fransa hökumətinin özü cavab tapmalıdır. Fransa vaxtilə müstəmləkələrinə və digər ölkələrə müdaxilə edib, orada fransız dilinin öyrənilməsinə nail olub. Həmin müstəmləkələrin və ölkələrin sakinləri öz dillərindən başqa, fransız dilini də yaxşı öyrəniblər. Bir ölkəni ələ keçirdikdən sonra oranın iqtisadiyyatını, sosial vəziyyətini, siyasi şəraitini bütöv sıradan çıxardıqdan və guya həmin ölkədən çəkildikdən sonra onların əhalisi haraya gedə bilər? Təbii ki, dilini bildiyi ölkəyə. Ona görə də həmin insanların Fransaya üz tutmaları təbiidir”, - deyə N.Xələf vurğulayıb.
Onun sözlərinə görə, Fransa hökuməti nəinki miqrantlara, hətta öz vətəndaşlarına (müsəlman olmayan-red.) qarşı açıq-aydın irqi ayrı-seçkilik nümayiş etdirir.
“Gülünc məqam isə ondan ibarətdir ki, bu cür diskriminasiyanın özünü qabarıq şəkildə göstərdiyi bir ölkə, yəni, Fransa Azərbaycana nəyi isə “öyrətmək” istəyir, özünün üzləşdiyi böyük problemi Azərbaycanın ayağına yazmağa çalışır. Fransa, ilk növbədə, dönüb özünə baxmalıdır”, - deyə Nərgiz Xələf vurğulayıb.

Siyasət 2023-03-17 15:21:00