×
A
A
A
Sazlamalar

ÜST: Afrikanın Buynuz regionunda aclıq fəlakət həddinə çatıb

Bakı, 11 mart, AZƏRTAC

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bildirib ki, Afrikanın Buynuz bölgəsində 130 min insan aclıq fəlakəti ilə üzləşib. Bundan başqa, həmin regionda yerləşən Cibuti, Efiopiya, Keniya, Somali, Cənubi Sudan, Sudan və Uqandada təxminən 48 milyon insan qida çatışmazlığından əziyyət çəkir.
AZƏRTAC xəbər verir ki, ÜST-nin məlumatında yuxarıda adıçəkilən ölkələrdə 6 milyon insanın aclıq çəkdiyi və həyatda qalmaq üçün ümidlərinin tükəndiyi qeyd olunub. Təşkilatın regionda fəaliyyət göstərən nümayəndəsi Lizbet Olbritç deyib ki, bu insanlar “ölüm təhlükəsi ilə üz-üzə qalıblar". O, Nayrobidə jurnalistlərə müsahibəsində qeyd edib ki, aclıq ucbatından ölüm təhlükəsi yaşayan 130 min insanın 96 mini Somalidə, 34 mini isə Cənubi Sudandadır. "Bölgənin əksər hissələri ən azı 40 ilin ən pis quraqlığı ilə mübarizə aparır, digər hissələri isə daşqınlardan əziyyət çəkir və bütün bunlar aclığa səbəb olur. Eyni zamanda, regionda epidemiyanın yayılması və müxtəlif xəstəliklərin uşaqlara daha çox təsir etdiyini görürük. Bu il 5 yaşa qədər 11,9 milyon uşaq kəskin qida çatışmazlığı ilə üzləşəcək. Azyaşlılar, həmçinin qızılca, vəba, malyariya, hepatit E və meningit epidemiyaları ilə üz-üzə qalıblar”, - deyə o bildirib.
ÜST-nin nümayəndəsi diqqətə çatdırıb ki, Afrikanın Buynuz regionunda epidemiyalar ən yüksək həddə çatıb, yeddi ölkənin əksəriyyətində səhiyyə sistemləri bunun öhdəsindən gəlməkdə çətinlik çəkir. O əlavə edib ki, epidemiyanın tüğyan etməsi ekstremal iqlim hadisələri ilə birbaşa əlaqəli ola bilər. Sözügedən region iqlim dəyişikliyinə ən həssas ərazilərdən biridir və xəstəliklər getdikcə daha intensiv olur. Ardıcıl beş uğursuz yağış mövsümü milyonlarla baş mal-qaranın tələf olmasına, tarlalarda məhsulun məhvinə səbəb olur və on milyonlarla insan su və yemək tapmaq üçün evlərini tərk etməyə məcburdur.
L.Olbritç sonda qeyd edib ki, iqlim dəyişikliyi artıq reallıqdır və bu cür fövqəladə halların artması fonunda təxirəsalınmaz tədbirlər görülməlidir. Epidemiyaların və kütləvi ölüm hallarının qarşısını almaq üçün əlavə resurslara ehtiyac var. ÜST bu məqsədlə beynəlxalq donorlardan 178 milyon dollar yardım tələb edib.

Dünya 2023-03-11 14:05:00