×
A
A
A
Sazlamalar

Bu torpağın hər qarışı əzizdir...

İşğaldan azad edilmiş bölgədə yerləşən hərbi hissədən reportaj

Bakı, 9 mart, Süleyman Qaradağlı, AZƏRTAC
Hələ yaz bu yerlərə qədəm basmayıb. Onun gəlişini havanın ilıq nəfəsindən və nəhəng səmənini xatırladan yaşıl zəmilərdən hiss etmək olur. İki göz istəyir ki, tarlada topuğa çıxan zəmilərə tamaşa etsin. Yolun bir tərəfində təpələrin zirvəsinədək uzanan zəmilərin yaşıllığı nə qədər göz oxşayırsa, o biri tərəfində baxımsızlıq ucbatından qupquru quruyub odun-ocağa, çör-çöpə çevrilən nar bağı o qədər məyusluq doğurur. Nar kollarının üstündə quruyaraq budaqlardan asılan təkəmseyrək meyvələr olmasa, onun hansı ağac olduğunu ayırd etmək də çətin olar. Vaxtilə salınmış nar bağını ermənilər kor qoyublar, ötən ilin payızında əkilsə də, torpağın üzərinə yaşıl xalı kimi sərilən buğda zəmisinə isə baxdıqca, həyat eşqi coşub çağlayır. Yolun bir üzündə Günəşə doğru boy atan zəmi, o biri üzündə bomboz, hətta bəzi yerlərdə ətrafdakı çal-çəpəri qapqara qaralıb kösöv rənginə düşən nar bağı...
Məşhur atalar misalı yada düşür: “Bağa baxarsan, bağ olar, baxmazsan dağ”. Baxımsızlıq, qayğısızlıq ucbatından nar bağı sanki göz dağına çevrilib. Uzun illər ərzində əkilməyən, becərilməyən torpaq elə bil insanlardan küsüb. “Dədə Qorqud” filmində ulu ozanın söylədiyi bir ifadə var: “Torpağı qorumasan, əkib-becərməyə dəyməz, əkib-becərməsən, qorumağa dəyməz”.
İşğaldan azad edilən bölgədə torpaqlar etibarlı şəkildə qorunur və həmin torpaqların bir hissəsində əkin-biçin işləri həyata keçirilir. Bunu AZƏRTAC-ın müxbiri kütləvi informasiya vasitələrinin nümayəndələri ilə birlikdə Müdafiə Nazirliyinin hərbi hissəsində mediaturda olarkən müşahidə edib.
Hərbi hissədə əsgərlərin döyüş hazırlığının yüksəldilməsi daim diqqət mərkəzindədir. Bunun üçün şəhərcikdəki mühəndis-istehkam qurğularında müntəzəm dərs və məşğələlər keçilir. Ehtiyatda olan polkovnik-leytenant Vüqar Əliyev həmin qurğuların fəaliyyəti barədə məlumat verərək deyib: “Müasir mühəndis-istehkam qurğuları döyüşdə qoşunlarının yüksək səviyyədə qorunmasını və düşmən üzərində qələbəsini təmin etmək, bu və ya digər vasitələrlə düşmənə zərər vermək, onların hərəkətlərini çətinləşdirmək məqsədi daşıyır. Peşənin özəl xüsusiyyətləri istehkamçılara xüsusi xidmət tərzi diktə edir. Şəhərcikdə düşmənin istehkam qurğuları və səngərləri maketi qurulub, hücuma keçən əsgərin üzləşə biləcəyi mühəndis qurğusu və maneələri, təmas vəziyyətində minalanmış sahədən keçidlərin açılması, qrup halında onların dəf edilməsi yolları, manevr imkanları öyrədilir. Məşq zamanı əsgərlər tağım və manqalara bölünərək ərazidə yerini tutur, onlara istiqamətlər verilir, şəxsi heyət üfüqi xətt üzrə mina axtara-axtara irəliləyir, axtarıb tapdıqları yeri işarələyərək əraziyə bayraq sancılır. Sonra həmin yerə qarmaq atılır, uzaq məsafədən qarmaq iplə çəkilir, partlamayan minalar toplanılaraq bir quyuya yığılır və sonra zərərsizləşdirilir. Bundan başqa, qurulan maketlərə əsasən düşmən səngərinin təmizlənməsi üsulları həyata keçirilir”.
Mediatur zamanı şərti düşmən mövqelərinə keçirilən hücum əməliyyatı da nümayiş olundu. Əvvəlcədən tərtib edilmiş plana uyğun olaraq əməliyyat üç hissədən ibarət idi. Qrup komandirləri şərti düşmənin mövqelərində “kəşfiyyat apararaq” onun zəif cəhətlərini müəyyən etməli, onlar öz yarımqrup komandalarına əməliyyatın tətbiqi barədə məlumat verməli və bundan sonra artilleriya vasitələrinin hədəflərini nişan almalı, hədəflər vurulandan sonra yarımqruplar şərti düşmənə doğru hərəkət etməli idilər. Artilleriya atəşləri ilə şərti düşmən mövqeləri vurulduqdan sonra həmin mövqedə müqavimət göstərənləri isə digər yarımqrupun əsgərləri məhv etməli idi. Qarşıya qoyulan tapşırıqlar uğurla yerinə yetirildi.
Ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanov nümayiş olunan əməliyyat barədə məlumat verib: “İzlədiyimiz “əməliyyat” nümayiş xarakteri daşısa da, biz Azərbaycan Ordusunun yüksək hazırlıq səviyyəsinin bir daha şahidi olduq. Uzun illər işğal altında olan torpaqlar məhz bu yüksək hazırlıq sayəsində 2020-ci ilin payızında Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə azad edildi və xalqımız böyük Zəfərin sevincini yaşadı. Onu da deyim ki, Vətən müharibəsinin başa çatmasından sonra azad olunmuş torpaqlara ilk dəfədir ki, səyahət edirəm. Təəssüratım çox böyükdür. Bir tərəfdə insan ağlına sığmayan erməni vəhşiliklərinin təsdiqi olan dağıdılmış həyat, viran qoyulmuş evlər nə qədər məyusluq yaradırsa, digər tərəfdə sürətlə davam etdirilən tikinti-quruculuq işləri o qədər nikbin əhval-ruhiyyə yaradır. Yollar çəkilir, ANAMA əməkdaşları minalanmış sahələri təmizləyirlər. Ərazidə çox böyük qaynarlıq müşahidə olunur. Bütün bunlar çox yaxın vaxtlarda itirdiyi torpaqların həsrətini çəkən məcburi köçkünlərin tezliklə daha gözəl və abad həyata qovuşacağından xəbər verir”.
Səngərlərlə tanışlıq, ön xətdəki mövqelərdə növbə çəkən əsgərlərlə söhbət də xoş təəssürat yaratdı. Növbədə olan əsgərlər ürək sözlərini də ifadə etdilər. Əsgər Akif Məmmədov: “Şəhidlərin qanı hesabına geri qaytarılmış torpaqları qorumaq bizim müqəddəs vəzifəmizdir. Bu torpağın hər qarışı bizim üçün əzizdir. Ona görə də qalib ordunun əsgəri olmaqdan qürur duyur və bir an da olsun sayıqlığımızı itirmirik”.
Onunla bir səngərdə keşik çəkən Taleh Zəkarayev də əsgər yoldaşının sözlərinə qüvvət verdi: “Belə bir mövqedə xidmət etmək çox şərəflidir. Bizə güc verən Vətənə olan böyük sevgidir. Elə bu sevgi və məsuliyyət hissi də bizi ayıq-sayıq olmağa çağırır”.
Əsgər Qiyas Manafov isə bunları deyib: “Yaxşı bilirik ki, səngər ən çox sərvaxtlıq və məsuliyyət tələb edir. Bunu komandirlər də bizə dəfələrlə izah ediblər. Ona görə də burda heç nəyi nəzərdən qaçırmır, necə deyərlər, bir an da göz qırpmırıq”.
...Hərbi şəhərciyin həyətindəki ağacların üzərində quşlar yuva qurub. Elə ağac var ki, üzərində beş-altı yuva var. Hərbçilər dedilər ki, quşların çoxu son iki ildə buranı özlərinə məskən seçiblər. Yüksək intuisiyaya malik olan quşların bu yerlərdə ağacların budaqlarını özlərinə sığınacaq etməsi təsadüfi deyil...
Yuva qurmaq, yurd salmaq müqəddəs və savab işdir. Çox keçməyəcək ki, bu torpaqlardan didərgin salınan yerli sakinlər də öz doğma yurdlarına dönəcək və burada yeni bir həyat başlayacaq.
Bu yerlərə keşik çəkən hərbi hissə ilə tanışlıq, əsgər və zabitlərin yüksək hazırlığı, onların Vətənə olan sədaqət hissi bu yerlərin əbədi sakitliyinə və əmin-amanlığına təminat verir. Xəfif yaz mehi əsdikcə yolun kənarı boyu uzanan yaşıl buğda zəmisi titrəyərək sanki onları doğma yurda çağırır...

Regionlar 2023-03-09 17:42:00