×
A
A
A
Sazlamalar

Heydər Əliyev qadın siyasətinin gücləndirilməsini dövlətin mühüm vəzifələrindən biri hesab edirdi

Şamaxı, 9 mart, AZƏRTAC

Şamaxı İncəsənət Təhsili Mərkəzində YAP Şamaxı rayon Təşkilatı və Şamaxı rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə 2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar “Heydər Əliyev və Azərbaycanda qadın siyasəti” adlı tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Heydər Əliyevin Azərbaycan qadınları haqqında söylədikləri fikirlərlə bağlı videoçarx nümayiş olunub.
Tədbiri açan Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı bildirib ki, xalqımızın hüquq və azadlığını daim qorumuş, onun milli şüurunun formalaşmasında, maariflənməsində, böyük xidmətlər göstərmiş Heydər Əliyev hansı dövrdə işləməsindən asılı olmayaraq qadın hərəkatını, qadınlarla bağlı məsələləri daim diqqət mərkəzində saxlamışdır. Heydər Əliyev 1969-cu ildə respublikamıza ilk dəfə rəhbər təyin olunandan sonra qadınlara diqqət və qayğı göstərərək onları bilik və bacarıqlarına, istedad və intellektinə görə irəli çəkməyə, yüksək vəzifələrə təyin etməyə başladı. Ümumiyyətlə, Heydər Əliyevin fəaliyyəti dövründə qadınlara xüsusi diqqət və qayğı göstərilmişdir.
Bu gün də ölkəmizdə qadın problemləri daim dövlətimizin diqqətindədir və gender proqramı ardıcıl surətdə həyata keçirilməkdədir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni siyasi və iqtisadi sistem qurmuş, sürətlə inkişaf edərək bölgənin lider dövlətinə çevrilmiş Azərbaycan gender siyasətinin reallaşdırılması məsələsində də yeniliklərə imza atıb. Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və sədaqəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşdırılmasında müstəsna rol oynayır.
Sonra Şamaxı rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Eyvazova çıxış edərək bildirib ki, tarixi şəxsiyyətlər zaman keçdikcə, yaddaşlara həkk olunur, əsrlər boyu əbədiyaşar varlığa dönürlər. Ulu Öndər Heydər Əliyev məhz belə şəxsiyyətlərdəndir. Ümummilli Lider Heydər Əliyev qadınlarla bağlı siyasətin gücləndirilməsini dövlətin mühüm, prioritet vəzifələrindən biri hesab edirdi.
Daha sonra Şamaxı Rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Mehriban Eyubova, Şamaxı rayon Mərkəzi Xəstəxananın doğum şöbəsinin müdiri vəzifəsində çalışmış Nəzakət Abdulrazaova, Şamaxı rayon Qızmeydan kənd icra nümayəndəsi Yekaterina Ukleina, şəhid anası Güllü Babaşova çıxış ediblər. Qeyd olunub ki, Ümummilli Lider qadınlarla bağlı məsələlərə böyük diqqət yetirirdi. O, qadınların problemlərini dövlət səviyyəsində həll etmək məqsədilə xüsusi fərmanla 1998-ci il yanvarın 14-də Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsini yaratdı. Halbuki bir çox ölkələrdə, hətta MDB ölkələrində belə xüsusi qadın komitələri yoxdur. Komitə yaranandan sonra Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı tərtib edildi. Bu planın tərtibində, Pekin konfransının 12 müddəası nəzərə alınaraq, bütün dövlət qurumları və qeyri-hökumət qadın təşkilatlarının nümayəndələri iştirak ediblər. Milli Fəaliyyət Planı Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə 2000-ci il martın 6-da təsdiq edildi. Həmin gün Heydər Əliyevin imzaladığı “Azərbaycan Respublikasında Dövlət Qadın Siyasətinin həyata keçirilməsi haqqında” Fərman dövlət qadın siyasətinin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi üçün əvəzedilməz bir sənəddir.
Sonda Şamaxı şəhər 9 saylı tam orta məktəbin şagirdlərinin ifasında musiqili kompozisiya nümayiş olunub.

Regionlar 2023-03-09 17:09:13