×
A
A
A
Sazlamalar

Rusiya Prezidenti üçün hazırlanan samovardan biri də ondadır FOTO

Bakı, 9 mart, AZƏRTAC

Bir vaxtlar Bakıda kolleksiya toplamaqla çoxları məşğul olardı. İndi kolleksionerlərin sayı barmaqla sayılacaq qədərdir. Bakının yalnız köhnə küçələrində, tarixi məkanlarda kolleksiya dükanlarına və kolleksiyaçılara rast gəlmək mümkündür.
AZƏRTAC xəbər verir ki, kolleksiyaçı Zakir Qəhrəmanovun şəxsi kolleksiyasında Azərbaycan, Çin, İran, Hindistan, Rusiya, Gürcüstan, bir sıra Avropa və Mərkəzi Asiya ölkələrinə aid maraqlı tarixi əşyalar mövcuddur.

Gürcüstanın azərbaycanlıların yığcam yaşadığı Dmanisi rayonundan olan Zakir Qəhrəmanovun hələ orta məktəbdə oxuyarkən tarixə böyük marağı yaranıb. Elə bu marağı onu kolleksiya toplamağa sövq edir və 22 yaşında Bakıya gətirir. Burada bir neçə kolleksiyaçı ilə görüşür və onların sayəsində öz kolleksiyasını daha da zənginləşdirir. O, kolleksiyasının əsasən xaricə səfər edən dostlarının sayəsində çoxaldığını deyir. Bəzən özü də xarici ölkələrə səfərlər edir. Bu zaman əvvəlcə həmin ölkədə fəaliyyət göstərən kolleksiya dükanlarına baş çəkir, marağını cəlb edən əşyaları alır.

Zakir Qəhrəmanov qeyd edir ki, bəzən insanlar əşyalara biganə yanaşırlar. Lakin unutmaq olmaz ki, onların hər biri bizim maddi-mədəni irsimizdir. Kolleksiyaçının əsas məqsədi də irsimizi yaşatmaq, insanlara təqdim etməkdir.

Həmsöhbətimizin kolleksiyasında müxtəlif dövrlərə aid mis qablar, şamdanlar, samovarlar, dulusçuluq məmulatları, dəbilqələr, xarici ölkələrdən gətirilmiş əntiq güzgülər, boşqablar, müxtəlif suvernirlər mövcuddur. Zakir Qəhrəmanovdan kolleksiyasında ən maraqlı əşyanın hansı olduğunu soruşduq. Bildirdi ki, belə əşyalar çoxdur: “Məsələn, bu samovardan dünyada cəmi səkkiz dənə istehsal olunub. Biri Rusiyanın Prezidenti Vladimir Putinə, altısı isə Moskva merinə hədiyyə olunub. Biri də mənim kolleksiyamdadır. Bax, bu xalça Qarabağ xalçasıdır. Bu xalça “Axrıncı aşırım” filmində Kərbalayının evində divardan asılan xalçadır. Onu gənc yaşlarımda əldə etmişəm”.

Zakir Qəhrəmanov bizə tarixi bir güzgünü də göstərir. Deyir ki, bu güzgü Rusiya imperatoru Aleksandrın şəxsi əmlakı olub. Daha sonra hərraca çıxarılıb. Güzgünün üzərində “A” hərfi, arxa hissəsində isə Rusiya imperiyasının gerbi həkk olunub.

Əşyalar arasında Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş xalça da diqqətimizi çəkdi. Kolleksiyaçının sözlərinə görə, əl ilə toxunan bu xalçada heç bir boyadan istifadə edilməyib.

Regionlar 2023-03-09 14:37:00