×
A
A
A
Sazlamalar

Yüksək maddi-texniki təminat və nümunəvi şərait – azad edilən bölgədə yerləşən hərbi hissədən reportaj

Bakı, 8 mart, Süleyman Qaradağlı, AZƏRTAC
AZƏRTAC-ın müxbiri işğaldan azad edilən bölgədə Müdafiə Nazirliyinin hərbi hissəsində olub. Onun təəssüratlarını təqdim edirik.
Adətən hərbi xidmətdə olan əsgərlə görüşəndə və ya hərbi hissəyə yolumuz düşəndə istər-istəməz özümüzün hərbi xidmət dövrü ilə müasir dövr arasında paralellər axtarmağa çalışırıq. Füzuli rayonu ərazisində dislokasiya olunan hərbi hissədə olarkən Azərbaycan Ordusunun maddi-texniki təminatı, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olarkən də belə paralellər axtardım.
Ötən əsrin 80-ci illərinin əvvəllərində sovet ordusu sıralarında hərbi xidmət keçdiyim illəri yadıma saldım. Əlbəttə, nostalji hisslərin təsiri altında bu gün çox şeyin dəyişdiyini, həm də əsaslı şəkildə yaxşı tərəfə dəyişdiyini etiraf etmək lazımdır. Hərbi xidmətə başladığım ilk gün, taxta kazarmada ikimərtəbəli dəmir çarpayı üzərində keçirdiyim narahat gecə uzun illərdir yadımdadır. Səhər tezdən təzəcə ata ocağından, ana nəvazişindən ayrılan bir gəncin ilk dəfə əsgər yeməkxanasına qədəm basarkən keçirdiyi hissləri təsəvvür etmək elə də çətin deyil. Mis qazanlarda ortalığa qoyulan o vaxtadək görmədiyim, dadını bilmədiyim qarabaşaq yarması, içərisində donuz əti də olan vermişel qazanı, əyri-üyrü kasalara çəkilən həmin yeməklərin tamı elə ilk qaşıqdan irəlidə məni gözləyən ikiillik əsgər həyatının asan olmayacağından xəbər verirdi. Nə gizlədim, həmin müddətdə səhər və axşam daddığım şirin çaydan və kartofla hazırlanan yeməklərdən başqa ümumi mis qazana çömçə uzatdığımı xatırlamıram. 730 gün davam edən hərbi xidmət illərini bir qarnı ac, bir qarnı tox ötüşdürməli oldum...
İşğaldan azad edilən bölgədə Müdafiə Nazirliyinin hərbi hissəsində olan zaman həmin duyğuları yenidən yaşadım. Lakin mənzərə tamam fərqli idi...
Əsgər yeməkxanasında səliqə-sahman, süfrədəki yeməklərin çeşidi və keyfiyyəti çox xoş təəssürat yaradırdı. Ehtiyatda olan polkovnik, Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru Mehman Süleymanovun bu barədə dedikləri mənzərəni daha real canlandırır: “İşıqlı və geniş əsgər yeməkxanasında bişirilən gündəlik yeməklər zövqlə hazırlanmışdı və çox dadlı idi. Hər öynədə əsgərlərə təqdim olunan iki çeşid birinci və iki çeşid ikinci yeməklər ağız dadına uyğun olaraq onlara seçim imkanı verir. Ərzaq ehtiyatlarının saxlandığı anbarlarla tanışlıq göstərir ki, burada gündəlik yeməklərin hazırlanması üçün lazım olan ehtiyatlar yaradılıb. Həmin ehtiyatlar yeməkxanada gündəlik olaraq hansı yeməklərin bişirildiyi haqqında dolğun informasiya verir. Xüsusilə aşpazların xanımlar olması yeməklərin yüksək keyfiyyətdə və dadlı hazırlanmasına səbəb olur”.
Öyrənirik ki, üz tutduğumuz ərazidə hərbi hissə şəhərciyinin salınmasının tarixi çox da uzaq zamanı əhatə etmir. Onun yaranmasına Vətən müharibəsindən sonra başlanılıb. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev hərbi hissənin açılışında iştirak edib. Qısa müddət ərzində burada görülən işlər göz oxşayır, ən başlıcası isə xidmətin təşkili üçün böyük imkanlar yaradılıb.
Hərbi hissədə əsgər yataqxanası, zabitlər və gizirlər otağı, tibb məntəqəsi, yeməkxana, camaşırxana, mətbəx, silah otağı, hamam-sanitar qovşağı, qurutma otağı, ərzaq və əşya anbarları təmizliyi, səliqə-sahmanı ilə göz oxşayır, həyətdə qazanxana və generator quraşdırılıb. Həmin məntəqələrin hər biri lazımi inventar və avadanlıqlarla, mebel və yataq ilə təchiz edilib. Burada hərbi qulluqçuların xidməti yüksək səviyyədə keçməsi üçün hər cür şərait var. Bu da əsgərlərə Vətənimizin keşiyində hər zaman ayıq-sayıq durmağa imkan verir.
Ehtiyatda olan polkovnikin fikirlərini öyrənirik: “Hərtərəfli təchiz edilmiş əsgər yataqxanası, əslində, istirahət mərkəzini xatırladır. Mebellər təzə və rahat, otaqlar geniş, sanitar və istilik sistemi ən müasir tələblərə cavab verir. Yataqxananın daxilində ideoloji otaq yaradılıb. Otaqda televiziya, xidmət həyatına həsr olunmuş ədəbiyyat, qəzet və jurnallar, stolüstü oyunlar və s. mövcuddur. Məişət otaqları, silah saxlama üçün təchiz edilmiş otaqlar, ümumən xidmət yorğunluğundan sonra istirahət etmək üçün burada yaradılan şərait nümunəvi xidmət keçməyə tam əsas verir”.
Samir Rüstəmov hissənin bərbəridir, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Tovuz rayon şöbəsi tərəfindən çağırılıb. Hər gün təxminən 30 əsgərə xidmət edir. O, öz xidmətindən razıdır, əsgərlər də onun işindən razılıqla söhbət açırlar. Hərbi hissənin idman zalı və şəhərciyi də ən yüksək tələblərə cavab verir.
Hərbi qulluqçuların sağlamlığı da xüsusi diqqət tələb edən məsələlərdən biridir, çünki xidmət sınaqları, bu yerlərdə qışın sərt keçməsi onlardan möhkəm fiziki hazırlıq tələb edir. İdman şəhərciyinin böyük bir meydanı əhatə etməsi burada eyni vaxtda çoxlu sayda hərbi qulluqçunun məşğul olmasına imkan verir. Günün nizam qaydalarına uyğun olaraq hərbi qulluqçular təyin edilmiş vaxtlarda kütləvi şəkildə burada idmanla məşğul olurlar. Bundan başqa, sərbəst vaxtlarda da onların idman meydançasında məşğul olmaq imkanları var.
İdman zalında da müasir avadanlıqlar quraşdırılıb və burada idmanın müxtəlif növləri ilə məşğul olmaq mümkündür. Əsgər Beysur Məmmədov hərbi xidmətdən əvvəl də Sumqayıtda idmanla məşğul olub, dəfələrlə qaydasız döyüş üzrə şəhər birinciliyində iştirak edib. O, xidmətdə olduğu müddətdə demək olar ki, hər gün dərs və təlimlərdən sonra idman salonuna gəlir: “Hər gün fiziki hazırlığımı yaxşılaşdırmaq üçün boksla məşğul olur, qantellərlə hərəkətlər edir, qaçış zolaqlarına çıxıram. Burada gündə 1 saat vaxt keçirmək həm fiziki, həm də sağlamlıq baxımından mənə çox yaxşı təsir edir”.
Kapitan Nadir Həsənov on ildir hərbi xidmətdədir, idman zalının şəxsi heyət üzrə təlimatçısıdır. O, Vətən müharibəsində oktyabrın 10-dan Füzuli və Cəbrayıl kəndlərinin erməni quldur birləşmələrindən azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. “Füzulinin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medallarına layiq görülüb. Təlimatçı deyir: “Zalda əsgərlərin qaçış və velosiped idman aparatı, turniklər, qantellər, boksla məşğul olması üçün ləvazimatlar, habelə digər idman avadanlıqları var. Hər gün burada 40-50 əsgər 50-60 dəqiqə idmanla məşğul olur”.
Hərbi hissə şəhərciyi ilə üz-üzə yerləşən təpənin üstündə iri ağ hərflərlə “Dəmir yumruq yerindədir” sözləri yazılıb. Əsgərlərin sosial-məişət şəraiti, fiziki hazırlıq məşğələləri bir daha sübut edir ki, Azərbaycan hərbçisi ən yüksək hazırlığa malikdir və “dəmir yumruq” lazım gəldiyi anda yenidən düşmənin başını əzəcək!

Regionlar 2023-03-08 16:33:00