×
A
A
A
Sazlamalar

Tarixdə ilk dəfə olaraq qadınlar dünyanın bütün parlamentlərində təmsil olunublar

Bakı, 6 mart, AZƏRTAC

BMT Parlamentlərarası İttifaqının məlumatına görə, tarixdə ilk dəfə olaraq qadın-deputatlar dünyanın bütün ölkələrinin parlamentlərində təmsil olunublar. Parlamentlərarası İttifaqın sonuncu illik hesabatında qeyd olunur ki, bir çox ölkələrdə qadınların ictimai və siyasi həyatda iştirakı əvvəllər heç vaxt indiki kimi müxtəlif olmayıb.
AZƏRTAC bu barədə BMT-nin saytına istinadla xəbər verir.
Parlamentlərarası İttifaq ötən il seçkilərin keçirildiyi dünyanın 47 ölkəsindən alınan məlumatlara əsaslanaraq bu qənaətə gəlib. Bu seçkilərdə qadınlar orta hesabla 25,8 faiz parlament yeri qazanıblar. Bu göstərici əvvəlki seçkilərin keçirildiyi andan 2,3 faiz bəndi qədər çoxdur.
Bütövlükdə pozitiv göstəricilərə baxmayaraq, Parlamentlərarası İttifaq qeyd edib ki, bu, son 6 il ərzində qadınların iştirakında ən kiçik artımdır. Digər pis xəbər isə ondan ibarətdir ki, dünya parlamentlərində gender bərabərliyinə nail olmaq üçün belə templə 80 il tələb olunacaq.
Parlamentlərarası İttifaqın qadın-deputatlar bürosunun sədri Lesya Vasilenko vurğulayıb ki, seçilən hər bir qadın “parlamenti daha inklüziv və daha mötəbər olmağa bir addım da yaxınlaşdırır”. O qeyd edib ki, lakin bütövlükdə irəliləyiş olduqca asta gedir və bütün planetdə demokratiyanı möhkəmlətməkdən ötrü təcili olaraq vəziyyəti dəyişmək lazımdır.
Parlamentlərarası İttifaqda hesab edirlər ki, hər halda, irəliləyiş olması barədə ümidverici əlamətlər mövcuddur. Belə ki, Braziliyada seçkilərdə rekord sayda - təxminən 27 min iştirakçıdan 4829 nəfəri qaradərili qadın olub.
Xatırladaq ki, Azərbaycan Parlamenti – Milli Məclis 125 deputatdan ibarətdir. Hazırda 22 qadın Milli Məclisin üzvüdür, Parlamentin sədri isə Sahibə Qafarovadır.

Sosial 2023-03-06 17:01:00