×
A
A
A
Sazlamalar

Aqrar sahədə fəaliyyət göstərən işəgötürənlərlə görüşdə innovativ yeniliklərdən bəhs olunub

Bakı, 3 mart, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Məşvərət Şurasının üzvləri olan işəgötürənlərlə görüş keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, xidmətin rəisi Vəli Quliyev əmək qanunvericiliyinin tətbiqinə nəzarət mexanizminin təkmilləşdirilməsi və bu sahədə tətbiq olunan innovativ yenilikləri diqqətə çatdırıb. O, əmək qanunvericiliyinin pozulması hallarının, eləcə də qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində görülən işlər, həmçinin həyata keçirilən preventiv tədbirlər barədə məlumat verib.
Ötən ilin may ayında istifadəyə verilən, vahid əmək münasibətləri platforması olan “Əmək və Məşğulluq” altsisteminin üstünlükləri, işçi və işəgötürənlər üçün faydaları diqqətə çatdırılıb. ƏMAS vasitəsilə əmək münasibətlərinə daimi nəzarətin və eyni zamanda həmin e-sistem üzərindən işəgötürənlərə qanunvericilikdən irəli gələn tələblərlə əlaqədar məlumatların, izahların çatdırılmasının həyata keçirildiyi qeyd olunub.
Əmək bazarı iştirakçıları arasında əmək qanunvericiliyinin tətbiqi barədə maarifləndirməyə, onlarla bu mövzuda sosial dialoqa xüsusi əhəmiyyət verildiyi, hazırkı görüşün də bu istiqamətdə növbəti tədbir olduğu bildirilib.
Müzakirələr formasında davam edən görüşdə aqrar sahədə işəgötürənlərin əmək qanunvericiliyinin tətbiqi sahəsində gördükləri işlərlə bağlı fikirləri, habelə təklifləri dinlənilib, bu sahədə onları maraqlandıran suallar cavablandırılıb, müvafiq tövsiyələr verilib.

Sosial 2023-03-03 16:20:00