×
A
A
A
Sazlamalar

Qida Təhlükəsizliyi İnstitutunda tələbələrlə görüş olub

Bakı, 2 mart, AZƏRTAC

Qida Təhlükəsizliyi İnstitutu fəaliyyət istiqamətləri üzrə, eləcə də qida sahəsində ictimai məlumatlılığın artırılması ilə bağlı maarifləndirici görüşləri davam etdirir.
İnstitutun İctimaiyyətlə əlaqələr və maarifləndirmə departamentindən AZƏRTAC-a verilən məlumata görə, növbəti görüş Bakı Dövlət Universitetinin kimya və Azərbaycan Tibb Universitetinin ictimai səhiyyə fakültəsinin dördüncü kurs tələbələri üçün təşkil olunub.
Görüşdə tələbələrə institutun fəaliyyəti barədə ətraflı məlumat verilərək bildirilib ki, qurumun əsas məqsədi insanların həyat və sağlamlığının qorunması üçün qida təhlükəsizliyinin daha səmərəli təşkilini təmin etməkdir. Bu məqsədlə institutun müasir infrastruktura malik laboratoriyalarında qida təhlükəsizliyi, heyvan və bitki sağlamlığı göstəriciləri üzrə elmi-praktiki araşdırmalar, tədqiqatlar aparılır, kompleks müayinələr, laborator analizlər, sınaq işləri həyata keçirilir.
Görüşdə ixtisaslı mütəxəssislərin formalaşdırılmasının və kadr potensialının peşəkarlıq səviyyəsinin artırılmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, bu sahədə təcrübə mübadilələrinə xüsusi diqqət yetirən Qida Təhlükəsizliyi İnstitutu yüksəkixtisaslı kadrların qida təhlükəsizliyi sahəsində elmi-praktik araşdırma və tədqiqat işləri aparmasına da kömək edir.
Görüş çərçivəsində tələbələr institutun nəzdində fəaliyyət göstərən laboratoriyaların iş prosesi ilə də tanış olublar. Həmçinin institutun əməkdaşları onları maraqlandıran sualları cavablandırıb.

Sosial 2023-03-02 15:52:00