×
A
A
A
Sazlamalar

Hacıqabulda Xocalı faciəsinə həsr olunan fotosərgi nümayiş olunub

Hacıqabul, 26 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Xocalı faciəsinin otuz birinci ildönümü ilə əlaqədar Gənclərin İnkişaf və Karyera Mərkəzinin Hacıqabul nümayəndəliyində anım tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, anım tədbirində Dövlət Himninin səsləndirilib, Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərkəzin İctimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Aytac Qafarova çıxış edərək insanlığa, bəşəriyyətə qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı soyqırımı haqqında söhbət açıb. Bildirilib ki, erməni qəsbkarları 1992-ci il fevralın 25-dən 26-na keçən gecə silahlı dəstələrlə Xankəndi şəhərində yerləşdirilmiş keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt ediblər. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçmalı olub. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutublar. Beləliklə, soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşüb, girov götürülüb. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsalar da, onların çoxu soyuqdan, şaxtadan məhv olub.
Həmçinin erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasəti və Xocalı faciəsinin acı nəticələri konkret faktlarla diqqətə çatdırılıb. Bildirilib ki, dəhşətli faciə nəticəsində 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Tədbir zamanı diqqətə çatdırılıb ki, 30 illik işğaldan sonra 2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı düşməndən azad edib.
Tədbirdə iştirakçılar Xocalı faciəsinə həsr olunmuş fotosərgi nümayişini, süjetli filmləri və videoçarxları izləyiblər.

 

Regionlar 2023-02-26 08:42:00