×
A
A
A
Sazlamalar

Füzulidə Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Füzuli, 25 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Füzuli Rayonu Horadiz şəhərində yerləşən Heydər Əliyev Mərkəzində “Xocalı həqiqətlərinin dünyaya çatdırılmasında Ulu Öndər Heydər Əliyevin xidmətləri” adlı tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin, rayon təhsil sektorunun əməkdaşları, rayon ağsaqqallar şurasının sədri və gənclər iştirak ediblər.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotoguşələrlə tanış olublar, məktəblilərin əl işlərindən ibarət, Xocalı faciəsinə həsr edilmiş sərgiyə baxış keçiriblər.
Əvvəlcə şəhidlərin, eləcə də Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Füzuli Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülbahar Eyvazova çıxış edərək xalqımızın tarixən yaşadığı bütün faciələrə, eləcə də əsrin faciəsi olan Xocalı faciəsinə düzgün hüquqi-siyasi qiymətin Ulu Öndər Heydər Əliyev tərəfindən verildiyini diqqətə çatdırıb. Həmçinin Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, bu dəhşətli qətliamı törədən cinayətkarların cəzalandırılması üçün yorulmadan çalışan Ulu Öndər Heydər Əliyevin Xocalı şəhidlərinin xatirələrinin əbədiləşdirilməsi istiqamətində mühüm addımlar atdığı bir daha vurğulanıb. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Xocalı faciəsinə hər zaman xüsusi həssaslıqla yanaşdığı, Heydər Əliyev Fondunun Xocalı həqiqətlərini dünyaya çatdırmaq məqsədilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində atdığı mühüm addımlardan söz açılıb. 44 günlük Vətən müharibəsi nəticəsində qazandığımız böyük Zəfərin, 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsinin bütün şəhidlərimizin, eləcə də Xocalı qurbanlarının qisasının alınması və ruhlarına rahatlıq bəxş etməsi ilə nəticələndiyi xüsusi vurğulanıb.
Daha sonra Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub.

Regionlar 2023-02-25 20:21:00