×
A
A
A
Sazlamalar

Şirvanda əcnəbi narkotacirdən külli miqdarda heroin alan şəxs saxlanılıb

Şirvan, 25 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Şirvan Şəhər Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, PŞ-nin əməkdaşları tərəfindən daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Rahil Cabbarlı saxlanılıb. Onun üstünə keçirilən baxış zamanı təmiz çəkisi 865 qram olan narkotik vasitə - heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı R.Cabbarlı narkotik vasitəni sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi vətəndaşdan onlayn yolla aldığını etiraf edib.
Faktla bağlı Şirvan PŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. R.Cabbarlının cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilir.

Regionlar 2023-02-25 15:34:00