×
A
A
A
Sazlamalar

Xocalı faciəsi xalqımıza qarşı aparılan etnik təmizləmə siyasətinin qanlı səhifəsidir

Qəbələ, 25 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Xocalı soyqırımı Ermənistan silahlı qüvvələrinin Azərbaycana təcavüzü zamanı doğma torpağının müdafiəsinə qalxmış xalqımızı sarsıtmaq, onun mübarizə əzmini qırmaq, Qarabağın azərbaycanlı əhalisinin bir hissəsini məhv etmək niyyəti ilə törədilmiş silsilə kütləvi qırğın aktlarından biri olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Xocalı faciəsinin otuz birinci ildönümü ilə əlaqədar Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda keçirilən anım tədbirində səsləndirilib.
Qəbələ Arxeoloji Mərkəzinin akt zalında keçirilən tədbirin əvvəlində Xocalı qətliamı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Qoruğun direktoru Zahir Kərimov çıxış edərək, insanlığa qarşı ən qəddar və amansız kütləvi terror hadisələrindən olan Xocalı faciəsinin erməni millətçilərinin Azərbaycan xalqına qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsi olduğunu bildirib. Qoruğun direktoru erməni millətçilərinin xalqımıza qarşı zaman-zaman həyata keçirdikləri soyqırımı siyasətindən bəhs edib, Xocalı faciəsinin acı nəticələrini konkret faktlarla diqqətə çatdırıb. Bildirilib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayının ağır texnikasının və şəxsi heyətinin köməyi ilə törədilən qətliam nəticəsində Xocalı şəhəri darmadağın edilib və talanıb, dinc əhaliyə amansızlıqla divan tutulub. Bir gecənin içərisində qədim Xocalı yerlə-yeksan edilib. Şəhəri tərk etməyə məcbur olan əhali dağlara, meşələrə qaçıb. Hər tərəfdə silahlı ermənilər dinc əhalini güllələyib, onlara amansız divan tutublar. Soyuq, qarlı fevral gecəsində nə qədər qız-gəlin əsir düşüb, girov götürülüb. Nə qədər insan erməni silahından yayınıb meşələrə, dağlara qaçsa da, onların çoxu soyuqdan, şaxtadan məhv olub.
Diqqətə çatdırılıb ki, faciə zamanı 613 nəfər xüsusi amansızlıqla və işgəncə verilməklə öldürülüb. Onlardan 106-sı qadın, 63-ü uşaq, 70-i qoca olub. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb. Girov götürülənlərdən 150 nəfərin taleyi indiyədək məlum deyil.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsinin əməkdaşı, baş leytenant Rövşən Nüsrətov, Çuxur Qəbələ kənd tam orta məktəbin hərbi müəllimi, Birinci Qarabağ müharibəsinin iştirakçısı Elsəvər Orucov və başqaları çıxış edərək, erməni millətçilərinin əsrlər boyu xalqımızın başına gətirdikləri müsibətlərdən bəhs ediblər. Çıxışlarda Xocalı soyqırımının acı nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında, faciəyə hüquqi-siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətləri önə çəkilib, hazırda bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən məqsədyönlü tədbirlərin həyata keçirildiyi vurğulanıb.
Çıxışlardan sonra məktəblilərin ifasında Vətənə, Xocalıya, doğma torpağa həsr olunan şeirlər səsləndirilib, Xocalı faciəsindən bəhs edən film nümayiş etdirilib.

Regionlar 2023-02-25 13:21:00