×
A
A
A
Sazlamalar

Məryəm Al Mazrui: “Qaradağ” Günəş Elektrik Stansiyası bu il kommersiya fəaliyyətinə başlayacaq

Bakı, 24 fevral, AZƏRTAC

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin İnvestisiya departamentinin direktoru Məryəm Al Mazrui bildirib ki, onun təmsil etdiyi kompaniya birbaşa xarici investisiyaları təşviq etməkdə maraqlıdır və Azərbaycanın təmiz enerji, davamlı inkişaf və karbon emissiyalarının azaldılması sahəsində səylərini dəstəkləyir.
AZƏRTAC xəbər verir ki, xanım Al Mazrui BƏƏ-nin WAM informasiya agentliyinə müsahibəsində “Masdar” şirkətinin hazırda Azərbaycanda xarici investisiyalar hesabına maliyyələşdirilən ilk müstəqil günəş enerjisi layihəsi olan 230 meqavatlıq (MVt) “Qaradağ” Günəş Fotovoltaik (PV) Elektrik Stansiyasını inkişaf etdirdiyini və bu mühüm obyektin 2023-cü ildə kommersiya fəaliyyətinə başlayacağını deyib.
Şirkət təmsilçisinin sözlərinə görə, stansiya hər il 110 mindən çox evin tələbatını ödəməyə və ildə 200 min tondan çox karbon emissiyasını azaltmağa kifayət edəcək 0,5 milyard kilovat-saat elektrik enerjisi istehsal etməyə kömək edəcək, həmçinin yerli ictimaiyyət üçün yeni iş imkanları yaradacaq. O əlavə edib ki, layihəni maliyyələşdirən qurumlar arasında Əbu-Dabi İnkişaf Fondu da var.
Al Mazrui qeyd edib ki, “Masdar” BƏƏ-nin qlobal enerji sektorunda qabaqcıl rolunu təbliğ edir, iqtisadiyyatın və enerji sektorunun şaxələndirilməsi prosesini dəstəkləyir, ən son dayanıqlı texnologiyaları nümayiş etdirir və davamlılıq məsələləri ilə bağlı məlumatlılığı artırır.
“2022-ci ilin iyununda “Masdar” Azərbaycanın Energetika Nazirliyi ilə ümumi gücü 4000 MVt olan təmiz və bərpa olunan enerji layihələrinin inkişafı üçün bir sıra sazişlərin imzalandığını elan edib. Tərəflər, həmçinin iki ölkənin iqlim dəyişikliyi ilə bağlı fəaliyyətinə sadiqliyini vurğulayıblar”, - deyə Al Mazrui yekunda bildirib.

Energetika 2023-02-24 12:05:00