×
A
A
A
Sazlamalar

Xocalı sakini: Dünya ictimaiyyəti səsimizə səs verməli, Xocalı soyqırımını tanımalıdır

Zaqatala, 22 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Xüsusi amansızlıqla qətlə yetirilmiş 63 körpəni, 106 qadını, 70 ahılı, həmçinin erməni vəhşiliyinin qurbanı olmuş yüzlərlə Xocalı sakinini heç zaman unutmadıq. Əli qələm tutan müəllim də, adlı-sanlı idmançı da, sadə vətəndaş da an yetişdiyində döyüşçü olmağı bacardı. Qisas yerdə qalmadı və biz qisasımızı aldıq. Tarix zamanla hər şeyi yerbəyer etdi. Düşünürəm ki, “Xocalıya ədalət!” tələbinin yerinə yetirilməsinin də tam zamanı yetişib.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Zaqatala rayonunda məskunlaşan Xocalı sakini Vasif Allahverdiyev söyləyib.
Xocalı soyqırımının xüsusi amansızlığına görə Holokost, Serebrenitsa qətliamları ilə eyni müstəvidə dayandığını vurğulayan həmsöhbətimiz deyib: “Bunu bu gün sadə bir iddia kimi irəli sürmürük, faktlar, sübutlar mövcuddur. Hətta qətliamın iştirakçılarının və təşkilatçılarının bəziləri öz xatirələrində bu barədə yazıblar. Bu, açıq-aydın etirafdır”.
O bildirib ki, xalq olaraq birləşməyi bacarmağımızı artıq sübut etmişik. Birlik olaraq dünya ictimaiyyətinin diqqətini Xocalı faktlarına yönəltməyi də bacaracağıq: “Biz xocalılar bu yoldan dönən deyilik. Necə ki, əzəli torpaqlarımızın 30 ilə yaxın müddətdə işğal altında olması ilə barışmadıq. İndi də Xocalı soyqırımına qarşı beynəlxalq qurumların laqeyidliyi ilə barışmayacağıq. Xocalı sakinlərinin çəkdiyi iztirabların mənəvi qarşılığı da ödənməlidir. Biz mənliyi olan xalqıq. Mənəvi dəyərləri maddi dəyərlərdən həmişə öndə tuturuq. Ona görə də, ilk növbədə, bizə müharibə və qətliam nəticəsində dəymiş maddi zərərin təzminatını yox, sırf mənəvi iztirabımızın qarşılığının ödənilməsini tələb edirik. Bunun isə tək yolu var – Xocalı soyqırımının beynəlxalq səviyyədə və yekdil olaraq tanınması. Əgər dünya ictimaiyyəti insanlığa dəyər verdiyini sübut etməyə azacıq da olsa çalışırsa, o zaman bizim səsimizə səs verməlidir”.
Vasif Allahverdiyevin sözlərinə görə, Xocalı hadisələri zamanı onun 8 yaşı olub. Soyqırımı ərəfəsində ailəsində, yaxın qohumlarında olan qadınları, uşaqları təhlükəsizlik məqsədilə Şuşanın Turşsu kəndində yerləşdiriblər. Atası Vaqif Allahverdiyev, əmisi İsmixan Allahverdiyev və digər qohumları isə şəhərin müdafiəsi üçün orada qalıb, könüllülərdən ibarət batalyonun tərkibində döyüşlərdə iştirak ediblər.1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş verən soyqırımı zamanı atası yaralanıb, əmisi və yaxın qohumlarının bəziləri şəhid olublar.
Həmin dəhşətli günləri göz önünə gətirən Vasif deyib: “O günlərin ağrısını, acısını 30 il yaşadıq. Hətta müharibənin dəhşətlərini duymayan, dərk etməyən körpələr də, uşaqlar da sonrakı həyatları boyunca bu ağrı-acını hiss etdilər. Təhsil illərində də, iş həyatında da Xocalıdan olduğunu bilən insanların ürək ağrısı, təəssüf dolu baxışları sənə bu ağrını, acını yenidən yaşadırdı, qisas gününü gözləyirdin. Bu ağrılı, acılı həyat 30 il davam etdi... Həmişə inanırdıq ki, Prezident İlham Əliyevin siyasəti nəticəsində öz ata-baba torpaqlarımıza qovuşacağımız günə az qalıb. Qırx dörd günlük Vətən müharibəsindəki tarixi Qələbədən sonra çox sevinirik ki, inamımız və ümidimiz artıq özünü doğruldub. Ata-baba yurdumuza qayıdacağımız günü intizarla gözləyirik. İndi hamımız yekdilliklə şükür edirik ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, igidlərimizin göstərdiyi şücaət sayəsində düşməndən qisasımızı ala bildik, ağrımız, mənəvi iztirabımız qismən yüngülləşdi”.
Həmsöhbətimiz bildirib ki, hazırda Zaqatala rayonunda Xocalıdan olan 29 ailə yaşayır. Ailə üzvlərinin ümumi sayı 104 nəfərdir. Onların əksəriyyəti həmin faciəvi hadisələrin canlı şahididir, aralarında şəhid verən ailələr də var. “Həmin qanlı hadisələri görməyənlər ailə daxilində olan söhbətlərdən ömür boyu bu faciəni yaşamış qədər təəssürat içindədirlər. Biz bu faciəni xatirimizdə də, tariximizdə də yaşadırıq, özümüzdən sonrakı nəsillərə də həmişə xatırladacağıq”,- deyə Vasif Allahverdiyev vurğulayıb.

Regionlar 2023-02-22 16:38:45