Azərbaycandakı dini konfessiyaların rəhbərləri Xocalı soyqırımı ilə əlaqədar dünya ictimaiyyətinə müraciət edib
Bakı, 22 fevral, AZƏRTAC
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar dünya dini liderlərinə, beynəlxalq təşkilatlara, parlamentlərə və dünya ictimaiyyətinə müraciət edib.
AZƏRTAC müraciəti təqdim edir.
Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların rəhbərləri Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri, XX əsrin qanlı faciələrindən olan Xocalı soyqırımının 31-ci ildönümü ərəfəsində bu müraciətimizi nəzər-diqqətinizə çatdırırıq.
Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı dinc mülki azərbaycanlı əhaliyə qarşı törədilmiş hərbi cinayətlərin ən dəhşətlisidir. Bu qətliamdan bir neçə gün əvvəl - 1992-ci il fevralın 17-də Ermənistan silahlı birləşmələri Azərbaycanın Xocavənd rayonunun Qaradağlı kəndində yerli azərbaycanlı əhalini kütləvi qırğına məruz qoyub və öz cinayətlərini misli görünməmiş qəddarlıqla davam etdirərək fevralın 25-dən 26-na keçən gecə keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərində soyqırımı törədiblər. Ağır hərbi texnikanın tətbiqi ilə davam edən qırğınlar nəticəsində Xocalı şəhəri tamamilə dağıdılaraq yerlə-yeksan edilib, 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 nəfər azərbaycanlı öz milli mənsubiyyətinə görə vəhşicəsinə qətlə yetirilib. Ağlasığmaz qəddarlıqla 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Azğınlaşmış ekstremistlər insanların başlarının dərisini soyub, müxtəlif əzalarını kəsib, körpə uşaqların gözlərini çıxarıb, hamilə qadınların qarınlarını yarıb, insanları diri-diri torpağa basdırıb və ya yandırıb, meyitlərin üzərində vəhşicəsinə həqarətlər edib, bir qismini minalayıblar. Şaxtalı hava şəraitində əli-ayağı yalın qaçıb xilas olmaq istəyən mülki əhaliyə belə aman verilməyib, onlar təqib edilərək yollarda, meşələrdə erməni hərbi birləşmələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Bu bəşəri cinayət nəticəsində 487 dinc sakin ağır yaralar nəticəsində əlil olub, 1275 nəfər girov götürülən vətəndaşlardan 150 nəfərin, o cümlədən 68 qadının və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı qətliamı Ermənistanın uzun illərdən bəri Azərbaycana qarşı həyata keçirdiyi əsassız ərazi iddiaları və təcavüzkar siyasəti nəticəsində Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış ərazilərinin 20 faizi 30 ilə yaxın işğal altında saxlanılıb, Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasəti, fiziki və mənəvi terror həyata keçirilib, bir milyondan çox insan Ermənistandakı və Azərbaycanın Qarabağ bölgəsindəki ata-baba torpaqlarından qovularaq qaçqın və məcburi köçkün məşəqqətini yaşamağa vadar edilib, onların insan hüquqları kobud şəkildə pozulub, yüzlərlə şəhər və kənd, Azərbaycan xalqının qədim və zəngin mədəni irsi dağıdılaraq talan edilib.
2020-ci ilin yay aylarından etibarən Ermənistan Azərbaycana qarşı növbəti hərbi təxribata başlayaraq “yeni torpaqlar naminə yeni müharibə” şüarı ilə Azərbaycanın müxtəlif bölgələrinə, dinc əhali və mülki infrastruktura qarşı ağır artilleriyadan istifadə etməklə işğal ərazisini genişləndirməyə cəhd göstərdi. Öz hərbi cinayətlərini və vandalizm aktlarını davam etdirən təcavüzkar erməni rejimi Ermənistan-Azərbaycan sərhədində və hərbi əməliyyatlar zonasından uzaqda yerləşən yaşayış məntəqələrimizi, o cümlədən, Gəncə, Bərdə, Tərtər, Mingəçevir, Qəbələ kimi iri şəhərləri və hətta paytaxt Bakıya yaxın əraziləri ağır artilleriya, ballistik raketlər, fosforlu və kasetli bombalarla atəşə tutdu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq başlayan şanlı Vətən müharibəsində Azərbaycan beynəlxalq hüququn normalarına, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrinin tələblərinə uyğun olaraq əzəli torpaqlarını 30 illik işğaldan qurtardı, dünya birliyi tərəfindən tanınan sərhədləri çərçivəsində öz ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi.
Dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istəyirik ki, Ermənistan işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasəti ilə yanaşı, həm də 30 illik işğal zamanı Azərbaycanın dini-mədəni və tarixi irsinə qarşı hərbi cinayətlər və vandalizm aktları həyata keçirib. Həmin ərazilərdə yerləşən məscidlər və digər dini məbədlər, qəbiristanlıqlar erməni vandalizminə məruz qalıb, rus pravoslav və qədim Alban xristian kilsələrinin mənşəyinin dəyişdirilməsi siyasəti həyata keçirilib. Bölgədə işğaldan əvvəl rəsmi qeydiyyatda olmuş 67 məsciddən 65-i erməni ekstremistləri tərəfindən tamamilə dağıdılıb, məscidlər tövləyə çevrilib, hətta orada İslamda haram buyurulan heyvanları saxlayaraq bütün İslam aləminin heysiyyətini açıq-aşkar təhqir ediblər. İşğaldan azad edilmiş ərazilərimizə müşahidəçi missiyası ilə gələn xarici qonaqlar bu yerləri “Qafqazın Xirosiması”, “ruhlar şəhəri” adlandırırlar.
İşğalçılar Azərbaycan torpaqlarını tərk edərkən həmin ərazilərdə “yandırılmış torpaq” siyasəti tətbiq edib, minlərlə mina yerləşdiriblər. Ermənistan beynəlxalq hüquqa və humanitar prinsiplərə açıq-aşkar etinasızlıq göstərərək mina xəritələrini verməkdən yayınır və ya həqiqətə uyğun olmayan saxta xəritələr təqdim edir. Müharibədən sonra erməni dini liderləri revanşist bəyanatlarla öz xalqını region üçün son dərəcə zəruri olan sülhə deyil, yeni müharibəyə çağırırlar. Ermənistan siyasi və dini dairələri beynəlxalq qurumlara və dini təşkilatlara müraciət edərək işğaldan azad olunmuş ərazilərdə Azərbaycanın guya xristian abidələrini məhv etməsi barədə yalançı və böhtan xarakterli dezinformasiyalar yayır, Qarabağda Ermənistanın törətdiyi vandalizmdən diqqəti yayındırmaq məqsədilə əsl həqiqətləri pərdələməyə çalışırlar.
Biz, dini konfessiya rəhbərləri bildiririk ki, fəaliyyət göstərdiyimiz Azərbaycanda din-dövlət münasibətləri yüksək səviyyədə tənzimlənir və bütün dinlər dövlət tərəfindən bərabər hüquqlarla təmin olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə iştirakı və himayəsi ilə hazırda Qarabağ torpaqları dirçəldilir və yenidən qurulur, o cümlədən Ermənistan tərəfindən dağıdılmış və talan edilmiş zəngin mədəni-tarixi irsin, eyni zamanda, müsəlman və xristian məbədlərinin bərpası yönündə işlər aparılır. Biz beynəlxalq və dini təşkilatları Azərbaycanda mövcud nümunəvi tolerantlıq, multikulturalizm mühiti ilə, işğaldan azad edilmiş ərazilərdə real vəziyyətlə tanış olmağa, o cümlədən mədəni və dini abidələrimizə qarşı erməni vandalizminin nəticələrini öz gözləri ilə görərək bu qeyri-insani əməllərə obyektiv qiymət verməyə dəvət edirik.
Təəssüflə qeyd edirik ki, dünyada baş verən kütləvi zorakılıq hallarının, ekstremizmin və terror cinayətlərinin vaxtında hüquqi-siyasi qiymət almamasının arxasında bəzi siyasət və din xadimlərinin, dövlətlərin, təşkilatların həmin problemlərə münasibətindəki ikili standartlar, dini və irqi ayrı-seçkilik kimi təhlükəli meyillər dayanır. Azərbaycan xalqı heç vaxt Xocalı faciəsini unutmayacaq. Haqq səsimizin dünyaya çatdırılması və Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması üçün ötən illər ərzində məqsədyönlü fəaliyyət göstərilib, 2008-ci ildən isə bu fəaliyyət “Xocalıya ədalət!” beynəlxalq kampaniyası ilə geniş vüsət alıb. Xocalıda törədilmiş qətliam bir sıra ölkələr və beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi tanınıb və faciəyə beynəlxalq siyasi qiymət verilib. Biz bütün tərəqqipərvər ictimaiyyətə müraciət edərək Xocalı soyqırımına biganə qalmamağa və bu dəhşətli faciəni törədənləri təqsirli bilərək onların mühakimə olunması üçün öz səslərini ucaltmağa çağırırıq.
Təəssüflə qeyd olunmalıdır ki, 2020-ci ildə Azərbaycan, Rusiya və Ermənistan liderlərinin Vətən müharibəsindən sonra imzaladıqları üçtərəfli Bəyanatın müddəalarına Ermənistanın və ona himayədarlıq edən bəzi ölkələrin siyasi dairələri, Azərbaycanın Qarabağ bölgəsində yaşayan aqressiv separatçı qüvvələr, xüsusilə də Eçmiədzin və Kilikiya kilsələri tərəfindən etinasızlıq nümayiş etdirilir, revanşizm ideologiyası təşviq olunur, anti-Azərbaycan təbliğatı aparılır. İşğala son qoyaraq tarixi ədaləti, beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyünü bərpa edən Azərbaycan hazırda bölgənin, o cümlədən, Ermənistanın da rifahına xidmət edə biləcək iqtisadi layihələrlə çıxış edir. Görünür ki, göstərilən siyasi və dini dairələr Ermənistanın erməni xalqının mənafeyini sülh və iqtisadi inkişafda deyil, yenidən işğalçı müharibədə görür. Azərbaycanlı və erməni analarının müharibədə həlak olmuş və itkin düşmüş övladları üçün göz yaşları və fəryadları önündə din xadimlərinin yeni müharibələrə, nifrətə, işğalçılığa, separatçılığa səsləyən bəyanatlarına, irqçi çağırışlarına dünya ictimaiyyəti göz yummamalıdır.
Azərbaycandakı dini konfessiyalar regionumuzda hər hansı hərbi aqressiyaya, müharibə və nifrət çağırışlarına, dini və etnik dözümsüzlüyə, revanşizm meyillərinə son qoyulmasına, dövlətlər və xalqlar arasında mehriban qonşuluğun, sülhün və əmin-amanlığın bərqərar edilməsinə tərəfdar olduğunu bəyan edir. Biz bir daha dünya dini liderlərini, beynəlxalq təşkilatları, parlamentləri və dünya ictimaiyyətini bu uca məqsədlər naminə birgə səylər göstərməyə, xüsusilə də erməni apostol kilsəsini bəşəri dəyərləri, sülh və barışıq ideallarını təbliğ etməyə dəvət edirik.
Qoy Uca Yaradan hamımıza savab əməllərdə və ədalətli olmaqda yardımçı olsun. Amin!
Şeyxülislam Allahşükür Paşazadə,
Qafqaz Müsəlmanları İdarəsinin sədri.
Arximandrit Aleksiy,
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi.
Milix Yevdayev,
Dağ Yəhudiləri İcmasının rəhbəri.
Robert Mobili,
Azərbaycandakı Alban-udi Xristian Dini İcmasının sədri.
Aleksandr Şarovski,
Azərbaycandakı Avropa Yəhudiləri İcmasının rəhbəri.
ICESCO azadlıqlar və islami dəyərlər mövzusunda konfransa ev sahibliyi edib
Dövlət Komitəsi nəzir qutuları və ianələrlə bağlı əsassız ittihamlar səsləndirənlərə cavab verib
Azərbaycandakı dini konfessiya rəhbərləri Laçın yolundakı vəziyyətlə bağlı birgə bəyanat yayıblar