×
A
A
A
Sazlamalar

Arxeoloq alimlər Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar

Bakı, 22 fevral, AZƏRTAC

AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunda Xocalı faciəsinin 31-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İnstitutun baş direktoru professor Abbas Seyidov Xocalı soyqırımı haqqında geniş məruzə edib. O vurğulayıb ki, ermənilərin bizə qarşı əsrlər boyu həyata keçirdiyi soyqırımı və etnik təmizləmə siyasəti onların “böyük Ermənistan” yaratmaq xülyasına xidmət edən cinayət əməlləridir. Onlar məqsədli şəkildə Azərbaycan torpaqlarına köçürüləndən sonra bir sıra problemlərlə üzləşmişik. Mənfur ermənilər xalqımıza qarşı ən qəddar zorakılıq üsullarından istifadə etməklə, tarixdə misli görünməmiş cinayətlər törədiblər. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələri Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə etnik azərbaycanlılara qarşı bu soyqırımı həyata keçiriblər. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, bir gecədə 613 sakin qətlə yetirilib. 1275 nəfər əsir götürülüb ki, onlardan da 68-i qadın və 26-sı uşaq olmaqla, 150 nəfərin taleyi bu günədək məlum deyil. Hazırda Xocalı soyqırımının dünyada tanınması Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biridir.
44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun şanlı Zəfərini, dövlətimizin iqtisadi gücünün, hərbi potensialının və beynəlxalq aləmdə nüfuzunun artdığını, ölkəmizin hərtərəfli inkişafa nail olduğunu qeyd edən baş direktor erməni vandalizmi nəticəsində həyatını qurban verənlərin qisasının alındığını söyləyib.
Məruzəçi bildirib ki, bu faciəyə ilk dəfə hüquqi-siyasi qiymət Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən verilib.
Tədbirdə çıxış edənlər Xocalı soyqırımının tarixi xronologiyası, faciənin başvermə səbəbləri, nəticələri barədə fikirlərini bölüşüblər.

Qan yaddaşı 2023-02-22 10:16:00