Azərbaycan və Türkiyənin yüksək günəş enerjisi potensialı var
Bakı, 21 fevral, AZƏRTAC
Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən “Bərpa olunan enerjidən istifadə və enerji səmərəliliyi” üzrə İşçi Qrupun təşəbbüsü ilə “Günəş elektrik stansiyaları üçün ərazilərin müəyyənləşdirilməsi” mövzusunda onlayn seminar keçirilib. Seminarın açılış hissəsində Türkiyənin Enerji və Təbii Sərvətlər Nazirliyinin əməkdaşı Hasan Akata və Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) şöbə müdirinin müavini Cəbrayıl Əliyev çıxış edərək, Türkiyədə baş vermiş zəlzələyə görə dərin təəssüf hissi keçirdiklərini ifadə ediblər.
AREA-dan AZƏRTAC-a bildirilib ki, onlayn seminarda günəş elektrik stansiyaları üçün ərazilərin müəyyənləşdirilməsinin texniki və inzibati təfərrüatları barədə qarşı tərəfin təqdimatı dinlənilib.
Seminarda, həmçinin qarşılıqlı əməkdaşlıq istiqamətləri müzakirə edilib, iştirakçıların sualları cavablandırılıb.
Tədbirdə iki ölkə arasında əməkdaşlığın enerji sahəsində də uğurla inkişaf etdiyi vurğulanıb, hər iki ölkənin yüksək günəş enerjisi potensialı olduğu diqqətə çatdırılıb. Azərbaycan-Türkiyə Enerji Forumu çərçivəsində fəaliyyət göstərən İşçi Qrupun faydalı əməkdaşlığı qeyd olunub.
Seminarda Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi, nazirliyin tabeliyindəki Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA), “Azərenerji” ASC, “Azərişıq” ASC-nin əməkdaşları, həmçinin türkiyəli mütəxəssislər iştirak ediblər.
Energetika naziri “OPEC+” nazirlərinin görüşündə iştirak edəcək
“Qaradağ” Günəş Elektrik Stansiyasının bu il istifadəyə verilməsi planlaşdırılır
“Yaşıl enerji” və təmiz ətraf mühit mövzusunda ictimai müzakirə təşkil olunub
Bərpaolunan enerji mənbələri layihələrinə dair aktual məsələlər müzakirə olunub