×
A
A
A
Sazlamalar

Ağdam sakini: "Xocalı faciəsi zamanı gördüyüm dəhşətlər gözlərimin qarşısından hələ də getmir"

Ağdam, 21 fevral, Tahir Ağaməmmədov, AZƏRTAC

Xocalı faciəsi zamanı qətlə yetirilənlərin, yaralıların çıxarılmasında o zaman Ağdamda yaradılmış könüllülərdən ibarət dəstələrin, həmçinin mülki əhalinin böyük rolu olub. Həmin insanlar üstündən illər ötsə də, hələ də ermənilərin dinc əhaliyə qarşı törətdikləri vəhşiliklərin təsirindən çıxa bilmirlər.
Ağdam rayon Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində 30 il əvvəl gördüyü dəhşətlərdən danışıb. O deyib: “Xocalı faciəsi zamanı tələbə idim, Gəncədə ali təhsil alırdım. Xocalıda dinc əhaliyə qarşı qətliam törədilməsi ilə bağlı xəbəri eşidən kimi tələbə yoldaşlarımla birlikdə Ağdama gəldik. Həmin vaxt Ağdam əhalisi xocalılılara kömək etmək üçün rayon mərkəzinə axışırdı. Meyidləri və yaralıları yük avtomobillərində gətirirdilər. Onların maşınlardan düşürülməsinə, yaralıların xəstəxanaya, meyidlərin yuyulub kəfənləmək üçün məscidin arxa tərəfinə aparılmasına kömək göstərdik. Həmin vaxt insanlığa sığmayan vəhşiliklərlə rastlaşdıq. Şahidi olduğum dəhşətləri sözlə ifadə etmək çətindir...”.
Sahib Məmmədov bildirib ki, ermənilər dinc sakinləri öldürməklə kifayətlənməmiş, onların üzərində qeyri-insani hərəkətlər etmişdilər. Belə ki, meyitlər qulaqları kəsilmiş, gözləri çıxarılmış, dərisi soyulmuş, qarınları yarılmışdı. “Məni daha çox dəhşətə gətirən, qəlbimi yandıran səhnə isə çılpaq halda olan, barmaqları kəsilmiş, gözləri oyulmuş, başının alın hissəsinin dərisi soyulmuş gənc qadının, gözləri çıxarılmış körpə uşaqların meyidlərini görmək oldu. Bu dəhşətli səhnələr gözlərimin qarşısından hələ də getmir. Ermənilərin dinc sakinlərə qarşı həyata keçirdiyi vəhşilikləri unutmaq mümkün deyil”, - deyə o əlavə edib.

Regionlar 2023-02-21 18:48:30