×
A
A
A
Sazlamalar

Ötən il Qəbələdə avtomobil nəqliyyatı ilə 6,8 milyondan çox sərnişin daşınıb

Qəbələ, 18 fevral, Mustafa Dadaşov, AZƏRTAC

İqtisadiyyatın digər sahələrində olduğu kimi, nəqliyyat sektorunda da davamlı islahatların aparılması, ölkənin əlverişli coğrafi mövqedə yerləşməsindən səmərəli şəkildə istifadə olunması nəqliyyat sahəsinin inkişafını daha da sürətləndirib. Bu inkişafı Qəbələ rayonunun timsalında da aydın görmək olar.
Qəbələ Rayon Statistika İdarəsindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, 2022-ci ildə rayonda avtomobil nəqliyyatı ilə 6 milyon 876 min sərnişin, 1 milyon 5 min ton yük daşınıb. Sərnişinlərin sayı əvvəlki illə müqayisədə 1 milyon 438 min nəfər və ya 26,4 faiz, yükdaşımalar isə 112 min ton və ya 12,5 faiz artıb. Hesabat dövründə rayonda nəqliyyat və anbar təsərrüfatı üzrə məhsul buraxılışının ümumi həcmi 6 milyon 982,7 min manat olub.
Ötən il Qəbələdə fiziki şəxslər tərəfindən nəqliyyat sektorunda 5 milyon 192,2 min manat həcmində iş və xidmətlər göstərilib. Bu göstərici əvvəlki illə müqayisədə 30,9 faiz çoxdur.
Bildirilib ki, hazırda Qəbələ rayonunda 13 min 846 ədəd avtomobil mövcuddur. Bu nəqliyyat vasitələrinin 12 min 13 ədədi minik avtomobili, 1663 ədədi yük avtomobili, 134 ədədi avtobus, 36 ədədi isə xüsusi təyinatlı avtomaşınlardır.

 

 

Regionlar 2023-02-18 13:41:00