×
A
A
A
Sazlamalar

Ölkəmizdə dövlət gənclər siyasətinin formalaşdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır

Bərdə, 17 fevral, AZƏRTAC

Ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Daim Azərbaycanın gələcəyi haqqında düşünən Ulu Öndər gənc nəslin inkişafına xüsusi qayğı göstərib, gənclərlə bağlı bir sıra sərəncam və fərmanlar imzalayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Bərdə Peşə Liseyində keçirilən “Heydər Əliyev və dövlət gənclər siyasəti” mövzusunda tədbirdə səsləndirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Aydın Qasımov çıxış edərək, Ümummilli Lider Heydər Əliyevin zəngin dövlətçilik fəaliyyətində gənclər siyasətinin xüsusi yer almasından, Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli qüvvə kimi formalaşmasında Ulu Öndərin böyük xidmətlərindən danışıb. Bildirib ki, gənclərin ictimai-siyasi həyatda fəallığını artırmaq üçün həyata keçirilən Dövlət Proqramının tətbiqi, idarəetmə orqanlarında gənc mütəxəssislərə üstünlük verilməsi Ümummilli Lider tərəfindən müəyyənləşdirilmiş gənclər siyasətinin uğurlu nəticəsidir.
Bərdə Peşə Liseyinin müəllimi Şəhanə Şirinova çıxışında bildirib ki, gəncliyin sağlam ruhlu, bilikli, intellektli, yüksək mənəvi tərbiyəyə malik olması dövlət üçün önəmlidir. İnkişaf və inteqrasiya məhz belə gənclərlə mümkündür. Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət də məhz gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sağlam düşüncəli, intellektual, bilikli, vətənpərvər gəncliyin yetişdirilməsinə xidmət edib.
Tədbirin sonunda “Gənclərin sözü” adlı sənədli film nümayiş olunub.

 

Regionlar 2023-02-17 20:09:00