×
A
A
A
Sazlamalar

Toxuculuğa həvəskar kimi başlamışdı, indi bu işdən gəlir qazanır - REPORTAJ VİDEO

Gəncə, 17 fevral, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycan xalqının qədim sənət növlərindən biri toxuculuqdur. Zəngin naxışlı, rəngarəng çeşidli əl işləri daim xalq ustalarının bədii fikir və yaradıcı təxəyyülünü özündə əks etdirib, xalqın bədii estetik tərbiyəsinin inkişafında mühüm rol oynayıb. Bu gün də ölkəmizdə toxuculuqla məşğul olanlar az deyil.
AZƏRTAC-ın bölgə müxbiri həm toxuculuq, həm də dərzi sənəti ilə məşğul olan Aytən Əliyevanın ərsəyə gətirdiyi nümunələrlə tanış olub, onunla söhbət edib.


Aytən Əliyeva 10 ildir ki, toxuculuqla məşğuldur. Əvvəllər bu işə həvəskar kimi başlasa da, sonradan özünü təkmilləşdirərək peşəkar formada məşğul olub.
“Havalar soyuyanda yundan toxunan əl işlərinə tələbat artır. Papaq, şərf, əlcək, corab, yun köynək və digər isti geyimlər toxuyuram. Həm keyfiyyətinə, həm də uzunömürlü olmasına görə alıcılar tərəfindən bu geyimlərə tələbat var. Əl işlərim arasında körpə uşaqlar üçün toxuduğum oyuncaqlar da yer alır”, - deyə o bildirir.
Onun hazırladığı uşaqlar üçün geyimlər 20 manatdan, oyuncaqlar isə 5 manatdan başlayır. Oyuncaq və ya geyim böyük olduqda qiyməti də artır.


Toxuculuqla yanaşı, dərzi fəaliyyəti ilə də məşğul olan A.Əliyeva bir əl işinin ərsəyə gəlməsi üçün bəzən 10 gün vaxt sərf etdiyini deyir: “Balaca kuklalar bir neçə saat vaxt aparır. Ancaq elə kuklalar olur ki, onun təkcə saçının hörülməsi üçün bir neçə gün vaxt gedir. Geyimlərdə də belədir. Yəni ki, xırda işlərə vaxt az gedir, işin həcmi böyük olanda 10-15 gün vaxtımı alır”.


Onun əl işləri şəhər və rayonlarda keçirilən sərgilərdə də nümayiş olunur. Toxucu xanımın ən böyük arzusu isə əl işlərini beynəlxalq sərgilərdə nümayiş etdirməkdir.

 

 

Regionlar 2023-02-17 14:54:11

Video