×
A
A
A
Sazlamalar

Vətən müharibəsindən sonra 3780 nəfərə əlillik təyin olunub

Bakı, 17 fevral, AZƏRTAC

Postmüharibə dövründə 404 nəfər müharibə əlili 421 yüksək texnologiyalı protezlərlə təmin olunub. Prezident İlham Əliyevin tapşırığı ilə Birinci Qarabağ müharibəsində və ondan sonra yaralanan müharibə iştirakçıları də protezlərlə təmin olunur. Bunun 195 nəfəri Birinci Qarabağ müharibəsində, 309 nəfəri isə Vətən müharibəsində yaralanaraq müxtəlif bədən xəsarəti alanlardır. Yuxarı ətraf protezləri 40-a yaxın hərəkət funksiyasını təmin edir və onlara aktiv həyat yaşamağa imkan verir.
AZƏRTAC xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Anar Bayramov məlumat verib.
Sədrin dediyinə görə, indiyədək ümumilikdə 57 mindən çox şəxsə əlillik dərəcələri verilib, Vətən müharibəsindən sonra isə 3780 nəfərə müxtəlif dərəcəli əlillik təyin olunub və onlar müxtəlif sosial dəstək tədbirləri ilə əhatə olunub: “Ümumilikdə 121 min nəfərə 220 mindən çox sosial xidmətlər göstərilib. Müharibədən sonrakı dövrdə 4500 mənzil, 324 avtomobil verilib. Minlərlə müharibə iştirakçısı işlə təmin olunub, özünüməşğulluq proqramlarına cəlb olunub. 1800 nəfərə 31 min 57 adda müxtəlif reabilitasiya vasitələri, o cümlədən mühərrikli və mexaniki arabalar, əsalar, protez ayaqqabıları, çarpayılar verilib. Bununla yanaşı 1300-dən çox Vətən müharibəsi iştirakçısı Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin tabeliyində olan 15 reabilitasiya mərkəzində müxtəlif müalicə prosedurlarına cəlb olunub”.

 

 

Sosial 2023-02-17 14:28:00