×
A
A
A
Sazlamalar

Soyqırımından iki ay öncə qohumlarımdan 13 nəfər erməni vəhşiliyinin qurbanı oldu – Xocalı sakini

Balakən, 14 fevral, Mustafa Dadaşov, AZƏRTAC
Xocalı faciəsi erməni millətçilərinin xalqımıza qarşı yürütdüyü soyqırımı və etnik təmizləmə siyasətinin tərkib hissəsidir, həm də tariximizin ən ağrılı faciələrindən biridir. Bu dəhşətli faciədən 31 il ötsə də, Xocalı soyqırımı heç zaman unudulmamalı, gələcək nəsillərə çatdırılmalıdır.
Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində Balakən rayonunda məskunlaşan Xocalı sakini, rayonun Qazbinə kənd tam orta məktəbinin direktor müavini Kərim Quliyev deyib.
Erməni millətçiləri tərəfindən azərbaycanlılara qarşı davamlı olaraq etnik təmizləmə siyasətinin həyata keçirildiyini, ailəsinin, yaxın qohumlarının hələ Xocalı faciəsi baş verməmişdən əvvəl çox müsibətlər gördüyünü, dəhşətlər yaşadıqlarını diqqətə çatdıran Kərim Quliyev o günləri belə xatırlayır: “Xocalı rayonunun Meşəli kəndində anadan olmuşam. Qarabağ hadisələri ilə bağlı kəndimizdə özünümüdafiə batalyonu yaradılmışdı və mən də həmin batalyonun tərkibində idim. Kəndimizi qorumaq üçün bir neçə yerdə postlar qurmuşduq. Kənd sakinləri hər gün postlarda xidmət edirdilər. Sakinləri düşmən hücumundan qorumaq üçün Bakı şəhərindən, digər rayonlardan polis işçiləri kəndə ezam olunmuşdu. Kəndimizdə polis şöbəsi də yaradılmışdı. Şöbəyə rəhbərliyi Xanlar adında kapitan edirdi. Ermənilər kəndimizə hücum etmək üçün daim fürsət axtarırdılar. Gediş-gəlişimiz erməni kəndlərindən keçdiyi üçün çox çətinliklər çəkirdik. Dağları aşaraq, Kosalar, Mirzələr, Qaybalı kəndlərindən keçərək Şuşa şəhərinə gedirdik. Onlarla aramızda dəfələrlə atışmalar olurdu. Bu atışmaların birində atam Yunis Quliyev ağır yaralandı. Atamın vəziyyəti ağır olduğu üçün onu vertolyotla Şuşa xəstəxanasına apardıq. Atam həkimlərin səyi nəticəsində kritik vəziyyətdən çıxardıldı. Ancaq sağlamlığını itirərək ikinci qrup əlil oldu”.
1991-ci il dekabrın 23-də ermənilər Xocalının Meşəli kəndinə hücum ediblər. Kənd hər tərəfdən mühasirəyə alınıb. Atışma zamanı Meşəli işğal olunub, evlər yandırılıb. Sonradan kənd sakinlərinin, özünümüdafiə dəstələrinin, eləcə də Xocalı və Şuşa şəhərlərindən, Qarabağın kəndlərindən gələn kömək nəticəsində kənd düşməndən azad olunub. Bu hadisələr zamanı Meşəli kəndi 27 şəhid verib. Onlardan 13 nəfəri Kərim Quliyevin yaxın qohumlarıdır.
Xocalı sakini deyib: “Əmim Qənimət Quliyevin, dayım Hüseyn Nurməmmədovun, atamın dayısı oğlu Novruz Novruzovun ailələri, xalam uşaqları kənd uğrunda gedən döyüşlər zamanı erməni vəhşiliyinin qurbanı oldular. Mən özüm 10 saata yaxın Axar çayın içində mühasirədə qaldım. Sonradan mühasirədən çıxaraq kəndə gəldim. Şəhid olmuş vətəndaşlarımızı “QAZ-66” maşınına yığıb Qırxqız dağından keçərək, Laçın rayonunun Fərrux kəndinə aparıb, orada dəfn etdik”.
Bu hadisələrdən iki ay sonra 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda azərbaycanlılara qarşı soyqırımı törədildi. Şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı. Onlardan 150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Regionlar 2023-02-14 17:40:22