×
A
A
A
Sazlamalar

Andrea Benveduti: Azərbaycanla əməkdaşlıq “Ansaldo”nun yeni bazarlara yönəlməsinə şərait yaradacaq

Roma, 14 fevral, AZƏRTAC

Azərbaycan ilə qurulan əməkdaşlıq “Ansaldo Energia” şirkətinin inkişaf edən yeni bazarlara yönəlməsinə şərait yaradacaq.
AZƏRTAC xəbər verir ki, bunu İtaliyanın Liquriya regionunun iqtisadi inkişaf üzrə müşaviri Andrea Benveduti deyib.
“Azərbaycanın əsas elektrik enerjisi istehsalçısının dəyəri 160 milyon avrodan çox olan dörd ən son nəsil qaz turbinini təchiz etmək üçün “Ansaldo Energia” şirkətini seçməsi heç də təsadüfi deyil. Bu, sənaye sektorunun inkişafı üçün hökumət tərəfindən verilən tempin dəyişməsini təsdiqləyir. Bu əməkdaşlıq, həmçinin 2500 genuyalının məşğulluğunu təmin edəcək, həm də şirkətin yeni missiya ilə inkişaf edən bazarlara yönəlməsinə şərait yaradacaq. Digər tərəfdən, enerji, texnologiya və ekoloji cəhətdən modernləşmə siyasətləri “Ansaldo”nun İtaliya sənayesinin mərkəzi nöqtəsi kimi rolunu təsdiqləyir. Digər Avropa ölkələrində olduğu kimi, İtaliyanın sənayeni sistem baxımından dəstəkləmək istəyi və milli maraqların müdafiəsi üzrə fəaliyyət tərzi xüsusilə təqdirəlayiqdir”, - deyə A.Benveduti bildirib.
Qeyd edək ki, “Azərenerji” və “Ansaldo Energia” şirkətinin imzaladığı müqavilə çərçivəsində İtaliya şirkəti Mingəçevir şəhərində inşasına başlanılan müstəqillik dövrünün 1280 meqavat gücündə ən böyük istilik elektrik stansiyasını 4 qaz turbini ilə təchiz edəcək.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Energetika 2023-02-14 17:35:00