×
A
A
A
Sazlamalar

Zaqatala sakinlərindən Türkiyəyə qardaş köməyi - FOTO

Zaqatala, 8 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Zaqatalalılar Türkiyədə baş vermiş güclü zəlzələdən zərərçəkənlərə yardım aksiyasına fəal qoşulublar.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, qeyri-sabit, qarlı-yağışlı hava şəraitinə baxmayaraq, zaqatalalılar səhər saatlarından etibarən axın-axın rayon Mədəniyyət Mərkəzində təşkil olunan yardım toplama məntəqəsinə gəlir, gətirdikləri əşyaları aidiyyəti üzrə məsul şəxslərə, könüllülərə təhvil verirlər. Yardımlar əsasən, yataq dəstləri, yorğan-döşək, isti geyim, azyaşlılar üçün lazım olan əşyalardan ibarətdir. Aksiyada rayonda yaşayan bütün xalqların nümayəndələri yaxından iştirak edirlər.
Aksiyada iştirak edən vətəndaşlar minlərlə insanın ölümünə, böyük dağıntılara, yaşayış məntəqələrinin yerlə-yeksan olmasına, on minlərlə insanın yaralanmasına səbəb olan bu dəhşətli zəlzələdən sarsıldıqlarını bildirirlər.
Rayon sakini Günel Abbasova AZƏRTAC-ın bölgə müxbirinə deyib: “Türkiyədə baş vermiş bu zəlzələ hamımızın acısıdır. Biz də bu acını onlarla bərabər yaşayırıq. Hamını bu aksiyaya dəstək olmağa çağırıram”.
Aksiya iştirakçısı Rəcəb Əlizadə ürək sözlərini belə ifadə edib: “Bir neçə gün öncə Türkiyədə çox dəhşətli faciə baş verdi. Hamımız qardaş Türkiyənin yanındayıq. Türkiyənin dərdi bizim dərdimiz, sevinci sevincimiz, eyni zamanda, kədəri də kədərimizdir. Həmişə olduğu kimi, yenə də Türkiyəyə ilk olaraq əl uzadan, qardaş yardımı göndərən ölkə biz olduq. Bütün dünya Azərbaycan və Türkiyə dostluğunun, qardaşlığının növbəti dəfə şahidi oldu. Mən də Zaqatala rayonunun sakini kimi, bu humanitar aksiyaya dəstək olmağa gəlmişəm. Türkiyədə həlak olan vətəndaşlara Tanrıdan rəhmət diləyir, yaralılara şəfa arzulayıram”.
Elnur Kərimov könüllü olaraq bu aksiyaya qoşulub və gətirilən əşyaların çeşidlənməsində iştirak edir. “Orada yüz minlərlə insan bu soyuqda evsiz-eşiksiz qalıb. Onlar üçün isti geyimlər, yataq dəstləri hazırlayırıq. Qadın və kişi geyimlərini, uşaq dəstlərini ayrı-ayrılıqda kisələrə yığırıq. Türkiyə hər zaman Azərbaycana dəstək olub. Biz də hər bir işdə onların yanında olmalıyıq”, - deyə o bildirib.
Rayon sakini Bəhruz Cəfərov isə deyib: “Bu, bizim hamımızın ən ağrılı, acılı günüdür. Yalnız Türkiyənin, Azərbaycanın deyil, bütün türk dünyasının ən ağrılı günləridir. Orada həlak olanların ailələrinə Allahdan səbir diləyirəm. Necə deyərlər, sözün bitdiyi yerdir. Oradakı insanlara əlimizdən gələndən də artıq kömək göstərməliyik. Bu dəqiqə o insanların hər şeyə ehtiyacı var. Balacadan böyüyə qədər, hamı qardaş ölkənin vətəndaşlarına öz dəstəyini göstərməyə çalışır. Bu, bizim vətəndaşlıq borcumuzdur. Bir dili, bir dini, bir qanı daşıyırıq”.
Zəlzələdən zərərçəkənlərə yardım aksiyaları Şəki-Zaqatala bölgəsinin digər rayonlarında da təşkil edilib. Bölgə sakinləri bu humanitar aksiyaya fəal qoşularaq, hər zaman Türkiyənin yanında olduqlarını bildirirlər. Yardım aksiyaları davam edir.
Qeyd edək ki, fevralın 6-da Türkiyədə baş verən dəhşətli nəticəsində həlak olanların sayı 7108 nəfərə, yaralananların sayı 40 min 910 nəfərə çatıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib. Təbii fəlakət bölgəsində üç ay fövqəladə vəziyyət rejimi tətbiq olunub. Axtarış-xilasetmə işləri davam edir.
Fevralın 6-da Türkiyədə zəlzələ baş verdikdən dərhal sonra Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğana başsağlığı verib və bu ağır məqamda Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirib. Dövlət başçısının tapşırığına əsasən, baş vermiş faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar qardaş ölkəyə genişmiqyaslı yardıma başlanılıb. Fevralın 6-dan indiyədək Azərbaycandan Türkiyəyə 7 təyyarə və 1 avtomobil karvanı yola salınıb. O cümlədən Fövqəladə Hallar Nazirliyinin 700-dən çox şəxsi heyəti (34 nəfəri həkim) və xilasetmə avadanlıqları, mobil səhra hospitalına aid 7 konteyner, 4 səhra mətbəxi və digər humanitar yardım göndərilib.
Həmçinin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən də qardaş ölkəyə humanitar yardım göndərilir. Humanitar yardıma dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və s. daxil olmaqla tibbi ləvazimat və avadanlıqlar, eləcə də isti geyimlər daxildir.
Türkiyədə baş vermiş dəhşətli zəlzələ nəticəsində zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər də “Qardaş köməyi” adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər.

Regionlar 2023-02-08 15:49:39