×
A
A
A
Sazlamalar

“Bu yaşıma çatmışam, hələ də heç yerim ağrımır. Çünki...” – Vedidən didərgin düşən Xanımnaz nənə VİDEO

Biləsuvar, 8 fevral, İlkin Adıyev, AZƏRTAC

“Əminəm ki, gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Mən əminəm ki, bu gün gələcək və əminəm ki, Qərbi azərbaycanlılar böyük coşqu və həvəslə öz doğma torpaqlarına qayıdıb orada yaşayacaqlar” - Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının ziyalıları ilə görüşü zamanı səsləndirdiyi bu sözlərdən sonra Xanımnaz nənənin sevincinin həddi-hüdudu yoxdur. Çünki o, tezliklə öz doğma yurduna qayıdacağına inanır.
AZƏRTAC-ın bölgə müxbiri 1948-ci ildə Qərbi Azərbaycandan sürgün edilən, hazırda Biləsuvar rayonunun Xırmandalı kəndində yaşayan Xanımnaz nənəni ziyarət edib, onunla həmsöhbət olub.
Abbasova Xanımnaz Bayram qızı 1936-cı ildə Vedi rayonunun Küsüz kəndində anadan olub. Xanımnaz nənə 12 yaşında, ermənilərin həmin ərazilərə köçürülməsindən sonra öz doğma yurdundan didərgin düşüb.

“Vedi rayonunun Küsüz kəndində anadan olmuşam. Bizi oradan çıxardanda 12 yaşım var idi. Kəndimiz indiyə kimi yadımdadır, cənnətə bənzəyirdi. Kəndimizin qarşısından çay keçirdi. Çayın suyu o qədər şəffaf idi ki, elə bilirdin şüşədir. Oralar gözəl yer idi. İrəvan bizim əzəli torpağımızdır. Bizi oradan zülmlə çıxardılar. Qışın soyuq günləri idi, zorla mindirdilər heyvan vaqonlarına, göndərdilər bura. Mal-qaramız, meyvə bağlarımız, hər nəyimiz var idi, hamısı qaldı orada. Tarix boyu ermənilər bizə çox zülm ediblər, Allah onlara lənət eləsin”.

Xanımnaz nənənin 87 yaşı olmasına baxmayaraq, sağlam və gümrah qalmasının səbəbini də açıqlayıb: “Xəstəlik, naxoşluq, qızdırma nədir, belə şeylər bizim yerlərdə olmayıb. Çünki oranın dağlarında bitən otlar şəfalı idi. Ona görə də mən bu yaşıma çatmışam, hələ də heç yerim ağrımır. Çünki mən oranın çörəyini yemişəm, suyunu içmişəm. Oranın otunu, pencərini, cürbəcür meyvələrini yemişəm”.
Vətən həsrəti ilə yaşayan Xanımnaz nənə doğma kəndinə qayıdacağı günü səbirsizliklə gözləyir: “Bütün Qərbi azərbaycanlılar kimi, mənim də bir arzum var - o doğma diyara yenidən qayıtmaq...”.
Xatırlatma: Azərbaycanlıların Qərbi Azərbaycandan, yəni indiki Ermənistan ərazisindən qovulması siyasi, hüquqi və humanitar ölçüsünə görə tarixdə misli-bərabəri olmayan ədalətsizlikdir. Bu proses 1905-1906-cı, 1918-1921-ci, 1948-1953-cü və 1988-1991-ci illərdə, xüsusilə şiddətli və amansız olub. Aparılmış etnik təmizləmə nəticəsində azərbaycanlılar həmin ərazilərdən sürgün edilib və hazırda o yerlərdə ancaq ermənilər yaşayır. Ermənistan adlanan ərazidə azərbaycanlılara məxsus tarixi və mədəni irs, o cümlədən məscidlər və qəbiristanlıqlar kütləvi şəkildə dağıdılıb, yer adları dəyişdirilib, azərbaycanlılara qarşı sistematik xarakterli irqi ayrı-seçkilik həyata keçirilib.

Regionlar 2023-02-08 13:28:00

Video