×
A
A
A
Sazlamalar

Moldovadakı diaspor fəallarımız Türkiyədə zəlzələ qurbanlarının xatirəsini anıblar

Kişineu, 7 fevral, AZƏRTAC

Azərbaycanın Moldovadakı səfirliyinin diplomatları, Moldova Azərbaycanlıları Konqresinin rəhbərliyi, diaspor fəalları və soydaşlarımız Türkiyənin bu ölkədəki səfirliyinə gələrək zəlzələ nəticəsində həlak olanların xatirəsini yad ediblər.
AZƏRTAC xəbər verir ki, iştirakçılar ilk öncə səfirliyin qarşısında yaradılan xatirə guşəsinə tər çiçəklər düzüblər.
Sonra səfirliyin binasında anım tədbiri keçirilib. Tədbirdə çıxış edən Türkiyənin Moldovadakı səfiri Uyğur Mustafa Sərtəl bildirib ki, həmişə olduğu kimi bu dəfə də qardaş Azərbaycan dövləti, xalqı ən ağır gündə Türkiyənin yanındadır. Türkiyəyə ilk yardım çatdıran ölkə Azərbaycan oldu. Səfir bu qardaş dəstəyinə görə səfirliyimizə, diaspor fəallarımıza, soydaşlarımıza minnətdarlığını ifadə edib.
Azərbaycanın Moldovadakı səfirliyinin diplomatı İlqar Fərəcov, Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov çıxış edərək Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı, soydaşlarımızı çox sarsıtdığını və kədərləndirdiyini deyiblər. Bu böyük fəlakətdə ölkəmizin Türkiyənin bu dərdinə şərik çıxdığını, Azərbaycan və Türkiyənin hər zaman bir-birinin yanında olduğunu vurğulayıblar.
Daha sonra İlqar Fərəcov Türkiyə səfirliyində açılan başsağlığı kitabına ürək sözlərini yazıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu

Diaspor 2023-02-07 19:15:00