×
A
A
A
Sazlamalar

Azərbaycan ABŞ, Yaponiya, Türkiyə, Avropa və ərəb ölkələrinə gül yağı ixrac edir

Zaqatala, 3 fevral, Mustafa Dadaşov, AZƏRTAC

Ənənəvi və ixrac potensialı yüksək sahələrdən olan gülçülüyün inkişaf etdirilməsi Zaqatala rayonunun iqtisadiyyatı üçün prioritet istiqamətlərdən biridir. Azərbaycan Prezidenti İlham Əliyevin regionların iqtisadi potensialından daha səmərəli istifadə olunması və ənənəvi sahələrin inkişafı ilə bağlı verdiyi tapşırıq və göstərişlərə uyğun olaraq, Zaqatala rayonunda digər sahələrlə yanaşı, gülçülüyün inkişaf etdirilməsi istiqamətində də zəruri işlər görülür. 2018-ci ildə rayonda “Ləcheq Farm and Distillery” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin fəaliyyətə başlaması “Qızılgüllər diyarı” kimi tanınan Zaqatalada gülçülüyün əvvəlki şöhrətinin bərpa edilməsinə öz töhfəsini verməkdədir.

AZƏRTAC-ın bölgə müxbiri emal müəssisəsində olub, yeni mövsümə hazırlıq işlərinin gedişi ilə maraqlanıb.
Müəssisənin direktoru Bəxtiyar Heraçiyev bildirib ki, ərazidə gül plantasiyalarının salınmasına 2016-cı ildən başlanılıb və 2019-cu ilədək davam edib. Hazırda MMC-nin Aşağı Tala kəndinin ərazisində 145 hektar “Dəməşq qızılgülü”, 36 hektar lavanda gülü və 2 hektara yaxın nanə plantasiyaları var. Bu plantasiyaların hamısı artıq məhsul verir. Cari ilin əvvəlindən ərazidə əlavə olaraq 6 hektar yeni qızılgül plantasiyasının salınması işlərinə başlanılıb və hazırda proses davam edir. Yeni salınan plantasiya 2 ildən sonra məhsul verəcək.

Direktorun sözlərinə görə, 2022-ci ildə qızılgül plantasiyasından 738 ton gül ləçəyi toplanıb və ondan 206 kiloqram qızılgül yağı istehsal olunub. Eyni zamanda, ötən il plantasiyalardan 86 ton lavanda ləçəyi yığılıb və 1 ton lavanda yağı istehsal olunaraq satışa çıxarılıb. Bundan əlavə, ötən il nanə plantasiyasından 8 ton məhsul toplanıb və 48 kiloqram nanə yağı istehsal olunub.
Müəssisədə istehsal olunan məhsulların hamısı ixracyönümlüdür. 2022-ci ildə məhsulların böyük hissəsi ABŞ, Türkiyə, Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri və Avropanın bir neçə ölkəsinə ixrac edilib. Ötən il “Ləcheq Farm and Distillery” MMC 5 xarici ölkədə - Fransa, İtaliya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə və Yaponiyada təşkil olunan parfümeriya sərgilərində də iştirak edib. Sərgilərdə bu ölkələrin parfümeriya şirkətləri ilə əməkdaşlıq əlaqələri qurulub, işgüzar görüşlər keçirilib, müqavilələr bağlanaraq efir yağlarının satışının həyata keçirilməsinə başlanılıb.

Müəssisənin gələcək planları barədə məlumat verən MMC-nin direktoru deyib: “Gələcəkdə vəhşi təbiətdə bitən digər bitkilərdən də efir yağlarının alınması ilə bağlı layihəmiz var. Eyni zamanda, mədəni qaydada yetişdirilən rozmarin, pişikotu (valerian) və digər efir yağlı bitkilərin üzərində də sınaqların keçirilməsini planlaşdırırıq. Nəticələr müsbət olarsa, belə bitkilərin də əkininə başlamağı düşünürük”.

Onun sözlərinə görə, havalar əlverişli keçərsə, 2023-cü ildə qızılgül plantasiyasından 750 tonadək gül ləçəyinin toplanması və ondan 210 kiloqram qızılgül yağının istehsal edilməsi, həmçinin lavanda plantasiyasından 85 ton lavanda ləçəyinin yığılması və 1-1,2 ton lavanda yağının istehsalı proqnozlaşdırılır. Məhsul yığımına mayın əvvəlində başlanılması nəzərdə tutulur.

Qeyd edək ki, Prezident İlham Əliyevin iştirakı ilə 2017-ci ilin avqustunda açılışı olan “Ləcheq Farm and Distillery” MMC-nin qızılgül yağı istehsalı müəssisəsinin ümumi ərazisi 3 hektardır. Burada istehsalat bölməsi, anbar, ofis və digər infrastruktur obyektləri tikilib. Plantasiyaların suvarılması üçün ərazidə hər birinin su tutumu 5 min kubmetr olan iki süni göl yaradılıb, damcı suvarma sistemi qurulub. Hazırda müəssisədə 58 nəfər daimi işçi çalışır. Gül ləçəyinin toplanmasına hər il iki min nəfərədək mövsümi işçi cəlb edilir.

  

  

 

Regionlar 2023-02-03 16:38:00