×
A
A
A
Sazlamalar

Həvəskar balıqçılar həyəcan təbili çalırlar - REPORTAJ VİDEO

İmişli, 3 fevral, Aydın Yavərzadə, AZƏRTAC

Həvəskar balıqçılar həyəcan təbili çalır, səbəb isə bir zamanlar müxtəlif növ balıqlarla zəngin olan Araz çayında bu canlıların sayının xeyli azalmasıdır. Elə bu məqsədlə həvəskar balıqçılar çaylarda sintetik balıq torlarına qarşı mübarizə aparırlar.
AZƏRTAC-ın əməkdaşı brokonyerlərə qarşı mübarizə aparan balıqçılarla görüşüb, çayda balıq növlərinin azalmasının səbəbləri ilə maraqlanıb.
Təbiəti sevmək onu qorumaqdan başlayır. Elə buna görə də həvəskar balıqçılar populyasiya dövrünü nəzərə alaraq, vaxtaşırı Araz çayı sahilinə üz tutur, brokonyerlərin quraşdırdığı sintetik tor və digər ov qurğularını sudan təmizləyir. Budəfəki mübarizə zamanı nadir rast gəlinən üç xəşəm balığı tordan xilas edilib və suya buraxılıb. Balıqlardan biri isə sanki öz xilaskarına təşəkkür etmək üçün suyun üzərində “rəqs edərək” maraqlı anlara səbəb olub.
Balıqçıların sözlərinə görə, son bir neçə ildir yanvar-fevral aylarında balıq tutmaq müşkül məsələyə çevrilib. Tilovla balıq tutmaq üçün gərək günlərlə çayın kənarında qalasan. Brokonyerlər balıqları kütləvi şəkildə ovlayırlar ki, bu da onların sayının kəskin azalmasına səbəb olur. Elə budəfəki reyd zamanı da bunun şahidi olduq. Çayda xeyli sintetik tor aşkarlandı. Həmin torlar yığılaraq yandırıldı. Balıqçılar deyirlər ki, balıq sayının artması üçün bu mübarizə üsulu davamlı və kütləvi xarakter almalıdır.
Həvəskar balıqçı Zaur İsmayılov: “Uzun illərdir xəşəm balığı tutmurduq. Çünki bu balıqlar sintetik torlarla və elektrik cərəyanı ilə qanunsuz ovlandığı üçün nəsli tükənir. Xəşəm balığı nadir rast gəlinən balıq növüdür. İndi bu növ balıqların populyasiya dövrüdür. Lakin sintetik torlara ilişən balıqlar məhv olur, kürü də tökə bilmir. Bu isə balıq sayının azalmasına səbəb olur".
İmişli sakinləri Rəşad Şahmarov, Nahid Hüseynov və Raquf Xəlilov da həvəskar balıqçılardır. Deyirlər ki, bu işə yeni başlayıblar. Günlərlə sahildə qalırlar ki, bəlkə bir-iki balıq tuta bilələr. Lakin çayda balıq demək olar ki, yox səviyyəsindədir.
Həvəskar balıqçılar da qanunsuz balıq ovuna qarşı mübarizəyə qoşulublar. Bildirirlər ki, balıqların populyasiya dövründə balıq kütləvi ovlanmamalıdır. Əksinə, hövzələrdə müəyyən süpürgəliklər yaradılmalıdır ki, balıqlar rahat kürü töksün, artsın. Araz çayında lap əvvəllər nərəkimilər də olub. İndi isə xəşəm, kütüm qalıb. Lakin bu balıqlar da kütləvi ovlanır deyə nəsli kəsilir. Brokonyerlər ov aləti kimi sintetik tor və elektrik cərəyanından istifadə edirlər ki, bu da qəti yolverilməzdir.

Regionlar 2023-02-03 13:18:00

Video