×
A
A
A
Sazlamalar

Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlət gənclər siyasətinin banisidir

Tərtər, 1 fevral, AZƏRTAC

Tərtərdə “Heydər Əliyev və Azərbaycan gəncliyi” və “Heydər Əliyev və vətənpərvər Azərbaycan gəncliyi” mövzularında gənclərin ümumrayon tədbiri keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Tərtər şəhərinin mərkəzi meydanında Ulu Öndər Heydər Əliyevin abidəsini, sonra isə Şəhidlər Abidə Kompleksini ziyarət edib, önünə gül-çiçək dəstələri düzüblər.
Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və respublikamızın azadlığı uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Sonra Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Gənclər və İdman İdarəsinin rəisi Emin Pənahov Ulu Öndər Heydər Əliyevin hakimiyyəti illərində gənclərə göstərilən diqqət və qayğıdan, qəbul edilən sərəncam və fərmanlardan, gənclərin Ümummilli Liderin təşəbbüsü ilə keçirilən forumundan, Gənclər Gününün təsis olunmasından, əsası dahi şəxsiyyət tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, rayonda gənclərin inkişafı üçün yaradılan şəraitdən danışıb.
Digər çıxış edənlər dövlətimizin gənclər siyasətindən, gənc mütəxəssislərə yaradılan şəraitdən razılıqlarını ifadə edib, onlara göstərilən etimadı şərəflə doğruldacaqlarını, Vətənimizin tərəqqisi, inkişafı uğrunda səylərini əsirgəməyəcəklərini bildiriblər.
Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov gəncləri 2 Fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edib, ölkəmizdə gənclərlə bağlı dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu, dahi rəhbərin daim Azərbaycanın gələcəyi haqqında düşündüyünü, gənc nəslin inkişafına davamlı qayğı göstərildiyini, gənclərlə bağlı bir sıra sərəncam və fərmanların imzalandığını bildirib. Qeyd edib ki, 44 günlük Vətən müharibəsi Azərbaycan gəncinin vətənpərvərliyini, gücünü, əzmini bütün dünyaya nümayiş etdirib.
Tədbirdə rayonun ictimai-siyasi həyatında fəal iştirak edən bir qrup gəncə Fəxri fərmanlar, Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri, Vətən müharibəsinin iki iştirakçısına isə “Vətən müharibəsi iştirakçısı" medalı təqdim olunub.

Regionlar 2023-02-01 22:02:00